“Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallıya qarşı əlavə ittiham irəli sürülüb.

Mia.az APA-ya istinadla xəbər verir ki, ona bu gün Cinayət Məcəlləsinin 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz müdaxilə göstərmə-nüfuz alveri) maddəsi ilə də ittiham irəli sürülüb.

Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

***

“Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Mia.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.

Məhkəmə Əvəz Zeynallı barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmadığı qənaətinə gələrək vəsatəti təmin etməyib.

Xatırladaq ki, rəsmi ittihama əsasən, “Xural Yayınları” MMC-nin baş direktoru Əvəz Zeynalovun “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlara əsasən, Əvəz Zeynalov barəsində cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.