Binəqədi Rayon Məhkəməsində Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən “Xural TV”nin baş redaktoru Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı göndərilən təqdimatlara baxılıb.

Mia.az xəbər verir ki, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən həbs qətimkan tədbiri seçilməsi ilə bağlı göndərilən təqdimatlar təmin edilib.

Qərara əsasən hər iki şəxs Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Vəkil Aqil Layıc bildirib ki, Zeynallı özünü təqsirli bilmir. O, ittihamın cəfəngiyyat olduğunu bildirib və ifadə verməkdən imtina edib.

Onu da qeyd edək ki, bu maddəyə görə hər iki şəxsi 8 ildən 12 ilədək həbs gözləyir.

***

Jurnalist Əvəz Zeynallının barəsində cinayət işi başlayıb.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, faktla bağlı cinayət işi açılıb: "Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək".

Qeyd edək ki, Əvəz Zeynallının saxlanıldığı barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bu arada vəkil Elçin Sadıqov da sosial şəbəkədə prokurorluq orqanlarından zəng edərək, ofisində axtarışa gəldiklərini yazıb.

Elçin Sadıqov və onun həyat yoldaşı, vəkil Zibeydə Sadıqova da prokurorluqdan ona evlərində axtarış aparılacağına dair xəbər verildiyini açıqlayıb.

Son məlumata görə, vəkilin evi ilə ofisində axtarış bitrib, ofisdən bəzi sənədlər götürülüb.

Onu da qeyd edək ki, jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının vəkil Elçin Sadıqovun vasitəsiylə həbs olunan iş adamı Rasim Məmmədovdan rüşvət aldığını iddia edib. O, hətta bununla bağl səs yazısı yayıb.

Fəttullayev hətta bu prosesə görə günahlandırdığı Elçin Sadıqovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması üçün quruma rəsmi müraciət də edib.