“Yeni Klinika”da İctimaiyyətlə əlaqələr, Marketinq və Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Reyting.az xəbər verir ki, bu vəzifə jurnalist İlham Məmmədzadəyə həvalə olunub.
Xəbəri jurnalistin özü də təsdiqləyib.
“Göstərdiyi etimada görə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) və "Yeni Klinika” Publik Hüquqi Şəxs rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Bu etimad və güvən üzərimə böyük məsuliyyət qoyur. Dövlətimizə və xalqımıza xeyirli, uğurlu olsun!”, - deyə İ.Məmmədzadə təyinarə barədə bildirib.
Qeyd edək ki, İlham Məmmədzadə 2007-2008-ci illərdə "Yeni İqtisadiyyat” jurnalında informasiya şöbəsinin müdiri və "Ekspert” jurnalinda analitik kimi çalışıb. 2000-2010 illər ərzində "Azadinform” İnformasiya Agentliyinin İqtisadiyyat şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirib.
2010-2011-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində məsləhətçi, 2011-2012-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində müdir müavini və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb.
2012-ci ildən 2014-cü il yanvarın 14-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyib.
2014-cü ildən 2019-cu ilədək isə “Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini tutub.