Şahin CƏFƏRLİ
***
Bu gün İşğal olunmuş Krım ərazisində Rusiya hərbi obyekti - Novofyodorovka aviabazasında partlayışlar baş verib. Aerodromda ümumilikdə 12 partlayış qeydə alındığı bildirilir.
Hadisədə işğalçıların hərbi təyyarə və insan itkiləri barədə hələ ki dəqiq məlumat yoxdur. Amma vacib olan bu deyil.
Ən önəmli məqam budur ki, Ukrayna Rusiyanın hər hansı cavabından, hətta ehtimal olunan nüvə zərbəsindən də çəkinmədiyini, öz ərazilərini, o cümlədən Krımı da azad etməkdə qərarlı olduğunu nümayiş etdirir (Yadınızdadırsa, bunu daha öncə bir neçə dəfə yazmışdıq). Rusiyanın bu savaşda ən ağır itkisi konvensional (adi silahlı qüvvələr) səviyyədə çəkindiriciliyini (deterrence) itirməsidir, bunu bərpa etmək çox çətin olacaq.
Partlayışlara nəyin səbəb olduğu hələ ki aydın deyil. Bu obyekt cəbhədən təxminən 270 km uzaqda yerləşir. Səhər saatlarında Xerson vilayətinin Krımla inzibati sərhəddə yerləşən Qeniçesk rayonu ərazisindəki Rusiya sursat anbarı da vurulub. Bu nöqtə isə cəbhədən 150 km uzaqdadır. Ukraynaya ABŞ tərəfindən HIMARS və M-270 sistemləri üçün yalnız 80 km-ə qədər məsafəyə uçan raketlər verildiyi açıqlanıb. Bundan başqa, Ukraynaya 150 km-ə qədər məsafədə düşmən HHM sistemlərini vurmağa imkan verən AGM-88 antiradar raketləri göndərildiyi də Pentaqon tərəfindən təsdiqlənib. Ukrayna isə 300 km-lik ATACMS operativ-taktiki raketlərini tələb edirdi. Bu raketlərin Ukraynaya verilib-verilmədiyi bəlli deyil.
İstisna deyil ki, aviabazada yerli partizanlar tərəfindən diversiya törədilmiş ola bilər.
Yeti gəlmişkən, dünən ABŞ Ukrayna ordusu üçün daha 1 milyard dollarlıq hərbi yardım və Ukrayna büdcəsinə 4,5 milyard dollarlıq dəstək paketi elan etdi. Ümumilikdə ABŞ tərəfindən müharibə başlayandan bəri Ukrayna ordusuna və büdcəsinə verilən dəstəyin həcmi müvafiq olaraq 9,8 milyard və 8,5 milyard dollara çatıb. Lend-Liz qanunu hələ ki işə düşməyib. Yardımlar Konqresin mayda ayırdığı 40 milyard dollarlıq fonddan həyata keçirilir.
Türkiyə isə Ukraynaya 200 ədəd "Kirpi" zirehli maşını satıb.
Mia.az