Xəbər verildiyi kimi, "Sputnik-Azərbaycan”ın redaktorları işdən ayrılıb.

Saytın rus dili versiyasının buraxılış redaktorları “Qisas” əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina edərək, dünən tam tərkibdə istefa veriblər.

4 redaktor bu barədə sosial şəbəkədə məlumat yayıb.

Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Elena Starostina, Gülzar Mustafayeva feysbuk hesablarında Azərbaycan vətəndaşları olaraq, “Sputnik”də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa vermək məcburiyyətində qaldıqlarını yazıblar.

Mia.az-ın məlumatına görə, məsələyə münasibət bildirən Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna- Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı "Sherg.az"a bildirib ki, sözügedən saytın ölkəmizdə fəaliyyəti səhv etmirəmsə, dövlətlərarası müqavilə əsasındadır:

“Bu sözləşmə də istədiyimiz zaman pozulası məsələ deyil. İstefa verən redaktorlar arasında Elena Starostina Fövqaladə Hallar Nazirliyinin işçisi olub. İqtisadiyyyat üzrə peşəkar mütəxəssisdir. Deməli, vəziyyət nə yerə gəlib, çıxıb ki, hətta o da işdən ayrılıb.

Başa düşürəm, hər kəsin ailəsi var, hamı dolanmalıdır. Oradan verilən məvacib də az deyil.

Belə bir məqamda artıq 4 nəfər işindən vaz keçirsə, qalanlar da həmrəylik göstərib, saytın fəaliyyətini zəiflətmək, dayandırmaq üçün istefa verməlidirlər. Eyni zamanda həmin saytda işləməkdən imtina edən jurnalistlərə də yiyə çıxmalıyıq. Bacarıqları çərçivəsində işlə təmin etməliyik.

Bunun üçün kifayət qədər redaksiyalarımız var. Dövlətlətarası müqavilənin də yəqin ki, zamanla pozulmasına şahid olacağıq".