Keçmiş məişətdə xanımlar əl işi, göz nuru olan saysız-hesabsız zərif aksessuarlardan istifadə ediblər. Onların sırasına çantalar, sürmədan qovluqları, saat qabı, daraq qabı və s. daxildir.
Mia.az Milli Azərbaycan Tarixi Muzeyinə istinadla xəbər verir ki, bu incə sənət nümunələri əsasən güləbətin, muncuq, pilək, bəzən də təkəlduz tikmə üsulları ilə naxışlanır və öz dövrü üçün zəngin etnoqrafik mənbə rolunu oynayırlar. Çantalar hələ qədim zamanlarda insanların gündəlik həyatının ayrılmaz tərkib hissəsi olmuşdur.
Belə ki, ibtidai insanlar səfərə və ya ova gedərkən lazım olan əşyalarını, yanında gəzdirdikləri, gündəlik tələbat üçün lazım olan hər bir şeyi daşımağın və saxlamağın yollarını tapmışlar. Zaman-zaman belə daşıma vasitələri özünün əsl mahiyyətindən daha çox bəzək elementi olan aksessuarlara çevrilmişlər.
Təqdim etdiyimiz, XX əsrin əvvəllərinə aid olan qadın çantası sözügedən nümunələr sırasındadır. Şuşaya məxsus əsrarəngiz sənət incisi həm güləbətin tikmə üsulu, həm də keçmiş mifoloji dünyagörüşü haqqında müəyyən təsəvvürlər yaradır. Belə ki, bir çox qadın aksessuarlarında olduğu kimi, bu çantanın üzərində də stilizə olunmuş Humay təsviri salınmışdır. Humay ana qədim mifoloji dünyagörüşə əsasən qadın və uşaqların himayəçisi hesab edilirdi.
Qeyd edək ki, Etnoqrafiya fondunun zəngin kolleksiyasında göz oxşayan bədii-dekorativ tərtibata malik yun, fil sümüyü, dəri materialdan olan çantalar da qorunub saxlanılır.