Elxan ŞÜKÜRLÜ
***
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin son 3 ildə ən çox islahat aparılan, xüsusən də savadlı, bacarıqlı və vətənpərvər gənclərimizin irəli çəkildiyi, əhaliyə xidmət işinin ön plana çıxarıldığı bir qurum olduğunu yazanda, bəziləri elə sanırdı ki, biz nələrisə qəsdən şişirdir, hansısa dostumuzun, qohumumuzun və ya həmyerlimizin təbliğatını aparırıq.
Ancaq bir neçə gün əvvəl - “Polis Günü” ərəfəsində Prezident İlham Əliyevin general-mayor ali rütbəsi verdiyi 4 gənc polis zabitinin kimliklərini, fəaliyyətlərini araşdırdıqda, hər kəs daha aydın görə və əmin ola bilər ki, bu gün Azərbaycan Daxili İşlər Nazirliyi sistemində, sözün əsl mənasında, inqilabi dəyişikliklər, yeniliklər həyata keçirilir.
Söhbət, ilk növbədə, ölkənin daxili sabitliyinə və ictimai asayişə cavabdeh ən mühüm güc strukturunun rəhbər heyətinin – generalitetinin tamamilə gənc və intellektual milli kadrlardan formalaşdırılması, gələcək üçün hazırlanması işinin sürətləndirilməsi və genişləndirilməsindən gedir.
Tale belə gətirib ki, bu dəfə general rütbəsi alan 4 polis zabitindən 3-nü – general-mayor Sərdar Səfərovu, general-mayor Canpolad Daanovu və general-mayor Vüqar Ələkbərovu - şəxsən tanıyıram, intellektlərinə, ailələrinə, kritik situasiyalardakı davranışlarına və qərarvermə bacarıqlarına, ölkəyə və xalqa münasibətlərinə yaxından bələdəm. İnanın, ölkə üçün həlledici bir mərhələdə belə zabitlərimizin irəli çəkilmələrinə, mükafatlandırılmalarına o qədər sevinirəm ki, elə bilirəm, Prezident general rütbəsini onlara deyil, məhz mənə verib. Çünki adamlardan əminəm, arxayınam!
Ümumiyyətlə, mən o düşüncədəyəm ki, dövlətin ən mühüm strukturlarının, xüsusən də güc və xüsusi xidmət qurumlarının rəhbərliyi, strateji postlar xalqın içərisindən çıxan, xalqını yaxşı tanıyan və sevən, onun problemlərini öz problemləri bilən, savadlı, qabiliyyətli, möhkəm xarakterli, dürüst və vicdanlı kadrlara həvalə ediləcəksə, ölkə başçısı da hər şeydən məlumatlı olacaq, dövlətin də işi rahat gedəcək, xalq da rahat yaşayacaq, ortaya çıxan hər hansı problem də daha tez və rahatca həllini tapacaq...
Görünən odur ki, Daxili İşlər naziri, general-polkonik Vilayət Eyvazov son 3 ildə rəhbərlik etdiyi qurumu bütövlükdə dövlətə və xalqa xidmət strukturuna çevirmək üçün, ilk növbədə, kadr aparatının tamamilə yenilənməsinə qərar verib və bu sırada da ilk yeri təqaüd yaşına çatmış generalların xidmət müddətini uzatmaq ənənəsinə birdəfəlik son qoymaq və onları müsbət reputasiyalı yeni nəsil gənc generallarla əvəzləmək siyasəti tutur.
Baxın, əgər əvvəllər biz vəzifə və rütbə pillələrində sürətlə irəli çəkilən polis rəislərinin daha çox hansısa oliqarxın, vəzifəli şəxsin övladı, qardaşı, bacoğlusu, qardaşoğlusu və yaxud hansısa qohumu olduğunu eşidirdiksə, indi DİN-in aparıcı struktur və bölmələrində yüksələnlər sırasında daha çox öz gücüylə ayaqda duranların - ağlı, savadı, pula deyil, vətənə və dövlətə sevgisi, sədaqətiylə seçilənlərin, fərqlənənlərin önə, başa keçirildiyini görürük.
Elə yenicə rütbə alan adlarını çəkdiyim hər üç generalımızı birləşdirən ilk ortaq xüsusiyyət də məhz hər üçünün hər hansı bir vəzifəli şəxsin yaxın qohumu olmaması, sadə, zəhmətkeş ailələrdən çıxması və oxuduqları ali məktəbləri də yüksək nəticələrlə - fərqlənmə diplomuyla bitirmələri faktıdır.
Məsələn, hazırda Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini olan, 1973-cü ildə Sumqayıtda doğulan general-mayor Sərdar Səfərov Türkiyədəki Jandarma Zabitlər Məktəbini fərqlənmə diplomuyla bitirən, buraxılışın birincisi olmuş yeganə həmvətənimizdir! Gənc bir azərbaycanlı zabitin gedib Türkiyədəki Jandarma Məktəbinin birincisi olmasının hansı fiziki və intellektual zəhmət hesabına başa gəldiyini, elə bilirəm, xüsusi təsvir etməyə ehtiyac yoxdur. Faktın özü hər şeyi deyir! Üstəlik, o, Azərbaycan Polis Akademiyasını da fərqlənmə diplomu ilə bitirib. Yüksək nizam-intizamı, fiziki və intellektual hazırlığı ilə seçilən Sərdar Səfərov uzun müddət DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı bölmələrində müxtəlif vəzifələrdə xidmət keçib və adı bütün Silahı Qüvvələrimizin xüsusi təyinatlıları sırasında hörmətlə çəkilən zabitlərimzdəndir...
General rütbəsi alan digər zabitimiz - Polis Akademiyasının gənc rəisi Canpolad Daanov isə 1981-ci ildə bizim gözəl Balakəndə doğulub və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin həm bakalavr, həm də magistr pillələrini fərqlənmə diplomuyla bitirib. Elə polisdə xidmətə də Akademiyada müəllimlikldən başlayıb. DİN-in istintaq orqanlarında müstəntiqlikdən baş idarə rəisi müavinliyinədək uzun bir yol keçib və həmişə də bütün peşəkar istintaqçılar tərəfindən məhz yüksək savadına və mədəniyyətinə görə təqdir edilib. Bu gün vaxtilə dərs dediyi Akademiyada tədrisin, təhsilin keyfiyyətini artırmaq, müstəqil Azərbaycanımızın gələcək polis zabitlərini yetişdirmək, hazırlamaq işinin təşkili indi məhz belə bir intellektual şəxsə həvalə edilib, məsuliyyət onun üzərinə qoyulub...
1975-ci ildə bizim qonşu kənddə - həmişə dünyanın qurtaracağı saydığımız Yuxarı Buzqovda doğulan, hazırda BPİ rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsini tutan general-mayor Vüqar Ələkbərovu isə, demək olar, elə özüm qədər tanıyıram. O da Polis Akademiyasını fərqlənmə diplomuyla bitirib və uzun müddət Akademiyada müəllim işləyib. Elə DİN-in ən məxfi strukturlarında da həmişə məhz savadına və qabiliyyətinə görə irəli çəkilənlərdən olub...
Heç yadımdan çıxmaz: ilk dəfə Yuxarı Buzqovda, Vüqar müəllimgilin uca dağlar qoynunda yerləşən evlərində olanda, atası Hidayət əminin qabarlı, zəhmətsevər əllərini minnətdarlıq hissiylə sıxaraq, ona “Sağ olun ki, belə bir yerdə belə bir savadlı, vətənpərvər övlad böyütmüsünüz. O, bu kəndi mütləq bütün Azərbaycana tanıtdırcaq” deyəndə, o da xoş təbəssümlə “Mən onu elə el-obamız üçün yetişdirmişəm” cümləsini söyləmişdi, ardınca da Vüqar müəllimə belə tövsiyə vermişdi: “Bax, oğul, Buzqovdan Arazadək yanına kim gəlsə, ona kömək edərsən. Bizim camaat çox əziyyət çəkib”.
Valideynə hörmət və qayğını Allaha ibadət sayan, daim onların razılığını qazanmağa çalışan Vüqar Ələkbərovun canında, gerçəkdən də, xalqa xidmət etmək, camaatın işinə yararlı olmaq, hər situasiyada ədalətli davranmaq hissi var və mən əminəm ki, bu hissi və əzmkarlığı, yorulmazlığı, çalışqanlığı onu daha böyük zirvələrə götürəcək. Çünki onun da qoynunda daşıdığı kitablarla ilk xəyal qurduğu yerlər məhz gözəl Naxçıvanımızın ən sərt qayalıqları, ən uca zirvələri olub...
General-mayor rütbəsi alan və üzərlərinə böyük məsuliyyət qoyulan bu zabitlərimizin hər birini səmimiyyətlə təbrik edir, onlara ölkəmizin təhlükəsizliyinin təmin edilməsi və rifah dövlətinə çevilməsi yolundakı xidmətlərində sonsuz uğurlar arzulayıram!
Unudulmamalıdır ki, Azərbaycanımızı düşmən qarşısında yenilməz və qüdrətli, xalq gözündə isə ədalətli bir dövlətə çevirəcək sürətli islahatlar və reformalar dövrünün ən ağır yükü bundan sonra təkcə nazir Vilayət Eyvazovun yox, həm də bu gənc və intellektual generallarımızın çiyinləri üzərində olacaq!
Allah yollarını açıq və uğurlu etsin! Onlara etimad göstərənləri heç vaxt məyus etməsinlər!
Mia.az