Erməni separatçısını verilişinə dəvət edərək, Azərbaycan haqqında sərsəm fikirlərin səsləndirilməsinə şərait yaradan rusiyalı teleaparıcı Vladimir Solovyov peşman olub.
Mia.az xəbər verir ki, o, “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda Azərbaycandan üzr istəyib.
Solovyov deyib ki, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin başlıca prioritetlərindəndir: "Şəxsən mən bu prioritetlə tam razıyam. Dünən mənim səhər efirimdə elə bir hadisə baş verdi ki, bu, Bakıda qəbuledilməz kimi qiymətləndirildi. Mən öz adımdan Azərbaycandan üzr istəyirəm, ona görə ki, bu, mənim şəxsi siyasi səhvimin nəticəsi idi. Çətin vaxtlarda səhvlər baş verir”.
Qeyd edək ki, iyunun 28-də V.Solovyov Rusiyanın dövlət radiosu “Vesti FM”də apardığı “Polnıy kontakt” verilişində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisindəki separatçı rejimin tör-töküntüsünün nümayəndəsi David Babayanı “Artsaxın xarici işlər naziri” kimi qonaq qismində təqdim edərək Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib.
Onu da qeyd edək ki, Solovyev Qərbin sanksiyasına məruz qalıb.