Azərbaycan Mətbuat Şurasında jurnalist Rəşad Süleymanov tərəfindən təsis olunan "Poliqon" (Azeri Defence) jurnalının 10 illik yubileyi keçirilib.
Mia.az xəbər verir ki, yubiley tədbirində Mətbuat Şurasının sədri Əflatun Amaşov, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin (DSX), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Medianın İnkişafı Agentliyinin nümayəndələri, qəzet və sayt baş redaktorları və Rəşad Süleymanovun ailə üzvləri iştirak ediblər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbiri giriş sözü ilə açaraq jurnalın 10 illik fəaliyyəti haqqında məlumat verib.
O, jurnalın ərsəyə gəlib inkişaf etməsində Rəşad Süleymanovun misilsiz rolundan danışıb. Sədr jurnalın yubileyi ilə bağlı hazırlanmış diplomu mərhum jurnalist Rəşad Süleymanovun övladlarına təqdim edib.
Jurnalın hazırkı baş redaktoru Zaur Babaşov çıxışında “Azeri Defence”nin fəaliyyətinin Azərbaycanla məhdudlaşmadığını deyib.
O, hazırda “Poliqon”un Azərbaycanda yeganə hərbi texnoloji istiqamətli jurnal olduğunu, jurnalın ad dəyişimi ilə yanaşı, mövzu və tərtibatında dəyişikliklər olduğunu bildirib.
Tədbir çıxışlarla davam edib.
Qeyd edək ki, 2012-ci ildə əsası qoyulan “Poliqon” jurnalı Azərbaycan, Türkiyə, İsrail, İtaliya, Qazaxıstan və Gürcüstan bazarında unikal mövqeyə malikdir. Bu ölkələr ilə yanaşı, Cənubi Koreya və Pakistan da jurnalın abonentləri arasındadır.