Elxan ŞÜKÜRLÜ

***

İşğaldan azad edilmiş yurdlarımıza hər səfərdən sonra uzun müddət özümə gələ, daxili rahatlıq tapa bilmirəm. İçimdə kədərlə sevincin, töhmətlə şöhrətin, nifrətlə, qəzəblə səbrin, şükrün və qürurun qəribə bir savaşı, dialoqu başlayır...

Bir yandan, əvvəlcə, özümü, sonra da bütövlükdə hamımızı qınayır, tənqid edir, asıb-kəsirəm ki, axı, necə olub, biz ölkəmizin ən gözəl və ən bərəkətli yerlərinin 30 il boyunca düşmənin murdar tapdağında qalmasına, tar-mar edilməsinə, talanıb-yağmalanmasına dözmüş, gecələr evimizdə rahatca yata, qohum-əqraba, övlad toyunda qol qaldırıb oynaya, sevinə və gülə bilmişik?!

O biri yandan da, uşaq kimi sevinir, Allaha dərhal şükür edirəm ki, nə yaxşı, qəhrəman övladlarımız, igid qardaşlarımız 44 günlük Vətən Savaşında düşmən üzərində misilsiz qələbəylə qisasımızı almağı bacardılar, bu ağır töhmət və xəcalət hissini, gözükölgəliliyi bütün millətimizin üzərindən götürdülər, xalqımızın həyatında yeni mərhələnin, qürurlu və təptəzə bir başlanğıcın təməlini qoydular, bizə səhvlərimizi düzəltmək və hər şeyi yenidən başlamaq fürsəti, imkanı verdilər...

Baxın, 2 il əvvələdək, 30 il boyunca yaxın düşə bilmədiyimiz, uzaqlardan, ən yaxşı halda səngərlərdən həsrətlə, göz yaşı tökə-tökə gözlərimizi dikdiyimiz torpaqlarımıza – Cəbrayıla, Füzuliyə, Zəngilana, Qubadlıya, Laçına, Kəlbəcərə, Ağdama, Şuşaya... indi yeni çəkilmiş şüşə kimi yollarda şütüyən rahat avtomobillərdə, öz polisimizin və əsgərimizin müşayiəti altında, deyə-gülə gedib-gəlir, bu yerlərdə həyatımızı yenidən necə quracağımızı, daşı-daş üstə qalmayan bu yurd yerlərimizdə əhalimizin necə, hansı şəkildə məskunlaşdırılmasını planlayırıq.

Cəmisi 2 il əvvələtək, heç ağlımıza da gəlməzdi ki, bizi Cənnətin Yer üzündəki qatlarından biri sayılan Şuşaya aparan “Zəfər Yolu”muz da olacaq və çoxsaylı bağışlanmaz günahlarımıza baxmayaraq, biz də o yolla düz qələbəmizin simvoluna dönmüş Şuşa Qalasınadək qalxa biləcəyik, 28 illik əsirlik həyatından qurtulmuş Şuşa isə onu zamanında yalnız buraxmışların, qoyub qaçmışların təqsirlərini üzlərinə çırpmadan hamısını doğma övladlarıtək bağışlayıb yaralı ana bağrına basacaq, hələ bir göy gurultusunu dəli hönkürtüyə, aramsız yağışını da sevinc göz yaşlarına çevirəcək...

...Şuşa indi mənim üçün təkcə Vətən Savaşındakı misilsiz qələbəmizin simvollaşmış obrazı, yaxud Azərbaycan əsgərinin cəsarətinin, iradəsinin və rəşadətinin miqyasını, ölçüsünü ən yaxşı şəkildə anladan, danışan əbədi canlı şahid deyil, həm də bizim bir millət olaraq günahlarımızın etiraf məkanı, bağışlanma yeri, tövbə qapısıdır, üstəlik, təmizlənib doğru yola yön almaq istəyən millətin birlik və dirilik ünvanıdır! Bir bunu anlaya bilsək...

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə Azərbaycanın təhlükəsizliyini təminat altına alan və gələcək hədəflərini müəyyənləşdirən Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr edilmiş beynəlxalq konfransın elə məhz imzalandığı məkanda - iyunun 15-də Şuşada keçirilməsi və bura da hakim Yeni Azərbaycan Partiyası və Türkiyədən qonaq AK Parti heyəti ilə yanaşı, ölkəmizdəki əksər siyasi partiyaların dəvət edilməsinin altında da, fikrimcə, əslində, bircə hikməti və gerçəyi hamımıza anlatmaq istəyi yatırdı: Şuşa başda olmaqla bütün bu gözəl torpaqlarımızı biz birgə ola bilməməyimiz, siyasi baxımdan bölünüb parçalandığımız, başımızı hakimiyyət uğrunda iç savaşlara qatmağımız səbəbindən itirdik; yenə eyni səhvləri təkrarlayacağıqsa, yenə itirən biz olacağıq və bu dəfə həmişəlik!!!

... Xatırlayıram ki, Şuşanın işğaldan azad edildiyi gün bu möhtəşəm zəfəri İslam tarixindəki məşhur “Xeybər qalasının fəthi” hadisəsiylə müqayisə etmiş, düşmənin məhz Şuşanı itirməsindən sonra qarşımızda diz çökərək təslimçilik aktına imza atacağını vurğulamış və Yolgöstərənimizdə - kitabımız “Qurani-Kərim”dəki “Fəth” surəsinin də sanki elə bizim üçün nazil edildiyinə diqqət çəkmişdim: “Həqiqətən, Biz Sənə açıq-aydın bir zəfər bəxş etdik. Allah bununla Sənin keçmiş və gələcək günahlarını bağışlayacaq, Sənə olan nemətini tamamlayacaq və Səni düz yola müvəffəq edəcəkdir!” (“Qurani-Kərim”, “Fəth” surəsi, ayə 1,2)

Bəli, yol boyu hər kəs dərk və etiraf edirdi ki, bu qədər ərazini cəmisi 44 günə düşməndən azad etməkdə Allah da bizimlə olub, bizimlə birgə vuruşub!

Allah da bunu ona görə edib ki, qəhrəman övladlarını düşmən üzərinə göndərmiş analarımızın yuxusuz gecələrdəki dualarını eşidib, dinləyib və bizim günahlarımızı bağışlayaraq, bizi düz yola yönəltmək istəyir...

Yetər ki, bir millət olaraq, biz də bunu anlayaq, iqtidarlı-müxalifətli tövbə edək, 30 ildə yol verdiyimiz səhvləri daha bir də yenidən təkrarlamayaq!

Təkrarlayacağıqsa, vay bizim halımıza, bu dəfə Allah bizi bağışlamayacaq və Onun qəzəbindən də bizi daha kimsə xilas edə bilməyəcək!

...İndi sevinclə və çox arxayın şəkildə əyləşdiyimiz Şuşa Qalasının üstündənsə Xankəndi belə görünür – düşmənlər ayağımızın altında, başları ütündə də hər an dolu tökəcək topa qara buludlar...

Mia.az