Samir Feyruzov

***

Bu gün yayılan məlumatlara görə, müxtəlif cinayətlər törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunmuşlar – Vüqar Babayev, Elnur Qəribov, Amaxan Nəcərov, Elçin İsmayılov, Etibar Əliyev, Rauf Namazov və Xəzər Əsədullayev Penitensiar Xidmətin müalicə müəssisəsində dünyasını dəyişiblər.

Qeyd edim ki, 2021-ci il aprel ayının 8-də Avropa Şurasının məhbusların sayı barədə açıqladığı hesabatında Azərbaycanda 21012 məhbusun olduğu göstərilir.

Əldə etdiyim məlumatlara görə, bu rəqəm sürətlə artır və hazırda Azərbaycan cəzaçəkmə müəssisələrində 24 min 500 məhbus var.

- Azərbyacanda bir məhbusun günlük xərci isə 15 manat 80 qəpikdir. Təkcə narkotik cinayətlərinə görə həbs edilən 12 min məhbusun günlük xərci 189 min 600 manat təşkil edir. Bir ay ərzində isə daha fantastik rəqəm alınır: 5 milyon 688 min manat!

Dövlət təkcə narkotik cinayətlərinə görə həbs edilən şəxslərə gün ərzində 189 min 600, ay ərzində isə 5 milyon 688 min manat pul xərcləyir.

Məsələ bundadır ki, eyni cinayət əməlini (narkotik maddələrlə bağlı) təkrar törədən cinayətkarların sayı da durmadan artır. Deməli, məhbuslar cəzaçəkmə müsəsisələrində islah olunmur. Digər tərəfdən, hər kəsə məlumdur ki, məhbusların ailə üzvləri onların həftəlik, aylıq yeməklərini cəzaçəkmə müəssəsisələrinə aparırlar. O zaman bu qədər vəsait hara gedir? Dövlətin ayırdığı külli miqdarda vəsait onların islah prosesinə yönəldilməlidir.

Görünən budur ki, bu vəsait onların sağlamlığına da yönləndirilməyib. Bu gün yerli mediada yayılan xəbərlər bunu bir daha təsdiqləmiş olur. Hamam pullu, dərman pullu, müalicə müəssisələrində də yalnız imkanlı məhbuslar müalicə ala bilirlər və s...

Məsələn, həbs edilən məmurların əksəriyyəti aylıq pul müqabilində tibb məntəqəsində əsl istirahət edirlər. Bunun da aylıq qiyməti var, 3-5 min manat!

Onu da qeyd edim ki:

- 24 min nəfər məhbusun 11%-i , yəni 2600 nəfər şəxs 234.1-ci maddə ilə (satış məqsədi olmadan əldə etmə və saxlama) həbs edilib.

- Məhbusların 34%-i 234.1.5-ci maddə ilə (satış məqsədilə əldə etmə və saxlama) həbs edilib. Bu da 6500 nəfər təşkil edir.

- Təqsirləndirilən və istintaq altında olan şəxslərin sayı isə 2800 nəfərdir.

Adi riyazi hesablama ilə bu rəqəmləri toplayanda aydın olur ki, həqiqətən də ölkədəki məhkumların 50%-i narkotik maddələrə görə həbs edilib.

Mia.az