Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Azərbaycan ərazisində "RİA Novosti" agentliyinin internet informasiya resursuna girişin məhdudlaşdırılması barədə açıqlama yayıb.

Nazirlik bildirib ki, ölkədə yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirilməsi halları ilə bağlı internet informasiya resurslarına girişin məhdudlaşdırılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla tənzimlənir:

"Həmin qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı hallarda internet informasiya resursuna və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılır.

Sözügedən informasiya agentliyində ərazi bütövlüyümüzə qarşı, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatların yayılması ilk dəfə baş vermir və sistemli xarakter daşıyıb.

“RİA Novosti” agentliyi internet informasiya resursunda ölkənin ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatlar yaymaqla “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun tələblərini pozub və həmin qanuna uyğun olaraq ölkə ərazisində agentliyin internet informasiya ehtiyatına giriş məhdudlaşdırılıb".

***

Rusiyanın “RİA Novosti” agentliyi Azərbaycan ərazisində bloklanıb.

Mia.az xəbər verir ki, bu barədə "Caliber.az" məlumat yayıb.

Xatırladaq ki, “RİA Novosti” daha əvvəl erməni separatçılarının “dövlət naziri”, özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanla Azərbaycan ictimaiyyəti arasında geniş rezonans doğuran geniş müsahibəsini dərc edib.

Bu təxribat xarakterli müsahibə Bakıda Azərbaycan və Rusiya arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin müddəalarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.

Qeyd edilib ki, agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir. Dövlət agentliyinin bu addımı, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə separatçılıq təhdidlərinə qarşı mübarizə müddəaları ilə ziddiyyət kimi qiymətləndirilib.