“Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə ölkəmiz qarşısında müstəsna xidmətlərinə görə rusiyalı məşhur jurnalist Aleksandr Nevzorov və həyat yoldaşı Lidiya Nevzorovaya Ukrayna vətəndaşlığı verilib”.
Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqramda yazıb.
“Cəsarətinizə və dürüstlüyünüzə görə, müharibənin dayandırılmasına səmimi şəkildə yardım istəyi və real vəziyyətin düzgün qiymətləndirilməsinə görə, Aleksandr və Lidiya, sizə təşəkkür edirəm”, - DİN başçısının müşaviri bildirib.
O qeyd edib ki, martın 23-də Rusiyanın İstintaq Komitəsi Aleksandr Nevzorova qarşı “Rusiya Federasiyasının silahlı qüvvələrini nüfuzdan salma” ittihamı ilə iş açıb: “Buna səbəb Mariupolda doğum evinin vəhşicəsinə bombalanmasını Rusiya xalqına dürüst şəkildə anlatması olub”/Report.
Qeyd edək ki, A.Nevzorov 1993-cü ildən 2007-ci ilədək Dövlət Dumasının deputatı olub.
O, 2012-ci ildə seçkilər dövründə həmçinin Rusiya Prezidenti Vladimir Putinin vəkili olub. Bununla belə, A.Nevzorov Rusiya hakimiyyətinin qatı müxalifətçisi, xüsusilə ölkədə böyük nüfuza sahib olan Rus Pravoslav Kilsəsinin sərt tənqidçisidir. Rusiyanın Ukraynaya təcavüzündən sonra o, rəsmi Kiyevi dəstəkləyib və İsrailə mühacirətə gedib.
Mia.az