Xəbər verdiyimiz kimi, ötən ay Bakıda jurnalist Aytən Məmmədovaya yaşadığı binanın blokunda bıçaqlı hücum edilib.
Hadisə mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb. Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.
Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb. Hadisə ilə bağlı istintaq işi başladılıb.
Mia.az xəbər verir ki, cebhe.info-ya açıqlamasında jurnalist son durumunu açıqlayıb. O, istintaqın hələ davam etdiyini bildirib:
"Psixoloji olaraq özümə gəlməyə çalışıram. Yaşadıqlarım asan deyil. İnsanlar fərqlidir, ola bilər, bəlkə də mən psixoloji olaraq zəif insanam və daha ağır keçirirəm. Tədricən özümə gəlməyə çalışıram. Hələlik saxlanılan yoxdur. Mənə müxtəlif şəxslər göstərilib, kamera görüntüləri incələnib. Amma göstərilən şəxslər mənə bıçaq çəkənlər deyil. Buna əminəm".
Jurnalist istintaq araşdırmalarının davam etdiyini bildirib: "Hadisənin baş verdiyi həftədə iki dəfə Mətbuat Şurasının sədri Əflatun Amaşov əlaqə saxlamışdı. Hadisənin ertəsi günü Medianın İnkişaf Agentliyi əlaqə saxladı, daha sonra ora dəvət edildim. Yəni ilk günlər maraqlanıblar".