"20 ilə yaxındır ki, jurnalist faliyyəti ilə məşğul oluram. Hər kəsin bildiyi kimi, bəzi vəzifələrdə çalışmışam. Bu müddət ərzində Cənab Prezidentin siyasətini dəstəkləyib dövlət maraqlarını üstün tutmuşam. Amma 2015-ci ildən bu günə qədər davam edən kabusum bitmək bilmir".
Mia.az xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin keçmiş mətbuat katibi, hazırda Azərbaycan Voleybol Federasiyasinın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi olan Sevinc Qədirova sosial şəbəkədəki səhifəsində yazıb.
Onun sözlərinə görə, rəsmi şəkildə sanki əsir düşüb: "Bir qızın başına gətirə biləcəkləri ən pis oyunları başıma gətirməkdə davam edirlər, hələ də. Heç cür canımı qurtara bilmirəm, bu iyrənc oyundan. Yetər artıq. Susduqca üstümə gəlməyin. Sanki qarşıma konkret şərt qoyublar: ya ölkəni tərk et ya da intihar et. Atam, qardaşım olsaydı, bu oyunları, şantajları, şər-böhtanları mənim başıma aça bilməzdiniz. Amma mənim güvəndiyim Dövlət var. Dövlətin vəzifəli şəxsləri var. Hüquq-Muhafizə orqanları var. Şər və böhtanlarınızdan intihar həddinin bir addımlığındayam artıq".