Saleh Məmmədov,
Sabiq maliyyə naziri, professor
***
Dünyanın ən böyük 100 bankı...
Yüzlüyə düşən bir bankı olan ölkələr hamısı inkişaf etmiş ölkələrdir. Birinci bankın aktivləri 4,3 trilyon dollardı, 100-cü bankın isə - 294 milyard dollardı.
Təəssüf ki, Türkiyə və Azərbaycanın isə heç bir bankı bu siyahaya düşə bilməmişdir, heç hər hansı müsəlman ölkəsinin banklarının da bu siyahıda adı yoxdur.
Müstəqillik qazandıqdan sonra Azərbaycanda belə bir plan qoyulmuşdu: Sinqapur, Cənubi Koreya, Çin və s. təcrübəsinə əsasən dünyanın top yüz bankının hamısını ölkəyə dəvət etmək, işlərinə şərait yaratmaq. Bunların toplam aktivləri 80 trilyon dollardan çoxdur, əgər bu banklar aktivlərinin 0,1%-ni bu ölkədə yerləşdirsəydilər, 130 milyard manat əlavə investisiya mənbəyi yarana bilərdi və faizlər 1%-in altına düşərdi...
Amma nailiyyətlər heç yaxına da gəlmir. Bütün Azərbaycan banklarının ümumi aktivləri 19 milyard dolları ötmür, 100-lüyə düşmək üçün isə ən azı 300 milyard dollar aktivlərə sahib olmaq gərəkdir. Azərbaycan kimi orta ölkələr içərisində İsveç, Norveç, Luksemburq, Sinqapur və s. 100-lükdə yerləşən banklara sahibdir. Bir ədəd Azərbaycan bankının olması ölkəyə ən azı 500 milyard manat əlavə kapitalın-investisiyanın yerləşdirilməsi demək olardı.
Bankların əsas vəzifəsi kassa-hesablaşma əməliyyatları deyil, investisiya mənbələrini toplayıb onları aktiv hala gətirməkdi, yəni maliyyə aktivlərinə çevirmək, finansallaşdırmaqdır. Hər bir ölkədə investisiyaların 70-80%-i kreditlər hesabına maliyyələşdirilir. Bu gün isə əsas fondlara yönəldilən investisiyaların həcmi 16 milyard manat təşkil edir, kreditlərin həcmi isə cəmi 17 milyard manatdır, investisiyaların əsas hissəsi isə büdcə və ya valyuta ehtiyatları hesabına maliyyələşdirilir. Əsas fondlara nvestisiyaların həcmi 2014-cü ildən davamlı azalır, hətta son rübdə 10% azalmışdır. Resurslar 100 milyardlarla ölçülür, amma istifadəsizdi, ya sandıqlarda, ya xarici ölkələrdə...
Pul coğrafiyasında haqsızlıq, qeyri-bərabər bölgü, pul vəsaitlərinin aktivlərə çevrilə bilməməsi, ehtiyatlardan zəif istifadə (10%) bunlar hamısı zəif maliyyə vasitəçilik sisteminin, bankların, sığortanın, pensiya fondlarının, investisiya fondlarının və s. zəif işinin nəticəsidir.
Banklar və xüsusilə, Mərkəz bank düşünməlidir: yanlış siyəsət ölkəyə nə qədər böyük zərbə vurur?
Mia.az