İki gün əvvəl Masallıda saxlanılan jurnalist Zahir Əmənov azadlığa buraxılıb.
Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.
Z.Əmənovun barəsində polis nəzarətinə verilmə tədbiri seçilib/Report.
Qeyd edək ki, "cenub.az" xəbər portalının rəhbəri Z.Əmənov bir neçə gün əvvəl Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
***
Daxili İşlər naziri Vilayət Eyvazov saxlanılan jurnalist Zahir Əmənovun həbsi ilə bağlı araşdırmanı nəzarətə götürüb.
Mia.az bildirir ki, bu barədə Xural TV-nin rəhbəri Əvəz Zeynallı məlumat verib.
O qeyd edib ki, bu gün səhər DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev zəng vurub və onların müraciətini nazirin diqqətə çatdırdığını deyib.
Əlavə edib ki, nazir əlindən gələn köməyi edəcək.
Xatırladaq ki, "Cənub.az" saytının baş redaktoru Z.Əmənov icra nümayəndəsindən 1500 rüşvət almaqda ittiham olunaraq saxlanılıb. Bununla bağlı Elçin Şıxlı, Qulu Məhərrəmli, Arif Əliyev və Əvəz Zeynallı DİN-ə müraciət edərək, hadisənin qurama olduğunu iddia ediblər. Onlar nazirdən faktı şəxsi nəzarətinə götürməyi xahiş ediblər.