Mediada və sosial şəbəkədə yayılmış bir xəbər diqqətimi çəkdi. İstərdim ona münasibət bildirim.

Ümumən onu deyim ki, Azərbaycan Mətbuat Şurası olaraq biz həmişə jurnalistlərin və kütləvi informasiya vasitələrinin məhkəməyə çəkilməsinə qarşı olmuşuq. Bununla bağlı tövsiyələr vermiş, çağırışlar etmişik. Təbii ki, mediaya dair problemlər var və həmişə də olub. Ancaq hesab edirəm ki, problemlərin məhkəməyə qədər həlli yolları mümkündür.  Mətbuat Şurasının təcrübəsi də bunun sübutudur. 

“Demokrat.az” saytına qarşı şikayət vaxtilə Şurada müzakirə edilib. Saytın baş redaktoru, gənc həmkarım Vasif Həsənli məsələyə həssas yanaşıb. Lakin sonradan məsələ məhkəmə müstəvisinə daşındı ki, bu barədə söz açmaq istəmirəm. Hər halda narazılıqlara Mətbuat Şurasında son qoyulmalıydı. Təəssüf ki, mövcud müzakirələrdən sonra iş adamı Oqtay Abuzərov məhkəməyə üz tutdu. Jurnalistin həbsini tələb etdi ki, bu isə təmin olunmadı. 

Hazırda Oqtay Abuzərov yenə “Demokrat.az” saytını və onun rəhbəri Vasif Həsənlini məhkəməyə verib, yüksək məbləğdə cərimələnməsini tələb edir. Əlbəttə, məhkəməyə müraciət hər kəsin hüququdur. Ancaq yenə o fikirdəyəm ki, müəyyən kompromis variantların tapılması və tərəflər arasında barışığın əldə edilməsi mümkündür. Elə bilirəm ki, Vasif Həsənli buna razıdır. 

Digər yandan, o da nəzərə alınmalıdır ki, media orqanının yüksək məbləğdə cərimələnməsi istəyində olmaq indiyədək heç kəsə fayda gətirməyib. Eyni zamanda media orqanının məhkəmə ilə üzləşməsi faktı da ona divident vermir.  Əminəm ki, ölkəmizin öz dəst-xəttilə seçilmiş internet media orqanlarından sayılan “Demokrat.az”ın rəhbərliyi bunu qəbul edir. Yaxşı olardı ki, qarşı tərəf də məsələyə öz üzərinə düşən həssaslıqla münasibət göstərsin. 

Bir daha tərəfləri barışığa, aralarındakı narazılığı danışıqlar, qarşılıqlı güzəştlər yolu ilə həll etməyə çağırıram.

Əflatun Amaşov,

Azərbaycan Mətbuat Şurasının sədri