“YouTube” Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın brifinq videosunu bloklayıb.
Mia.az APA-ya istinadla xəbər verir ki, bu barədə YouTube şəbəkəsinin daxil olduğu Google şirkətinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Rusiya XİN rəsmisinin brifinq videosu YouTube şəbəkəsinin video hostinq siyasətini pozduğuna görə bloklanıb: “Bizim cəmiyyətin qaydaları yaxşı sənədləşdirilmiş zorakılıq epizodlarını inkar edən, əhəmiyyətsiz göstərən və ya onları aşağılayan məzmunu qadağan edir və biz bu siyasəti pozan Ukrayna ilə əlaqəli kontenti silirik”.
Qeyd edək ki, Mariya Zaxarova dünən bildirib ki, “YouTube” Rusiya Xarici İşlər Nazirliyinin martın 17-də keçirilən brifinqinin video yazısına girişi əngəlləməklə qaydaları kobudcasına pozub. O, bloklanmanın brifinqdə müzakirə edilən Ukraynadakı bioloji laboratoriyalar haqqında məlumatla bağlı ola biləcəyini ehtimal edib. Zaxarova vurğulayıb ki, bu məlumat Qərb auditoriyasından gizlədilib.
“Roskomnadzor” “Google”dan tələb edib ki, video hostinq administrasiyası tərəfindən Zaxarovanın brifinqinin video yazısına qoyulan məhdudiyyətləri aradan qaldırsın və blokun tətbiq edilməsinin səbəbini izah etsin.
Mia.az