Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə Əl-Cəzirə Media Şəbəkəsi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Mia.az xəbər verir ki, imzalanma mərasimdə Azərbaycanda səfərdə olan Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndələri, qurumun İctimai Azadlıqlar va İnsan Hüquqları Mərkəzinin direktoru Sami Əl Hace və Tərəfdaşlıqlar və Araşdırmalar şöbəsinin rəhbəri Həsən Elmaqor, BAMF prezidenti Umud Mirzəyev, deputat Arzu Nağıyev, Media İnkişaf Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova və media nümayəndələri iştirak ediblər.

BAMF prezidenti Umud Mirzəyev bildirib ki, müvafiq sənəd hər iki təşkilat arasında 10 ilə yaxındır davam edən sıx əlaqələri rəsmiləşdirəcək və daha da genişləndirəcək: "Bu əməkdaşlıq Beynəlxalq Avrasiya Mətbuat Fondu vasitəsilə dünya şöhrətli Əl-Cəzirəni bütün Azərbaycan mediası üçün əlçatan edəcək. Müqaviləyə əsasən, Azərbaycan jurnalistlərinin əl-Cəzirədə təcrübə keçmək imkanları, müxtəlif beynəlxalq tədbirlərdə birgə iştirak və jurnalist mübadiləsi proqramlarının icrası həyata keçiriləcək. Həmçinin, daha əvvəllər əl-Cəzirə Media Şəbəkəsinin peşəkar təlimçiləri tərəfindən Azərbaycan jurnalistləri üçün keçirilən iki böyük peşəkarlıq və təhlükəsizlik təlimlərinin davamı olaraq yenidən silsilə təlimlərin keçirilməsi nəzərdə tutulub".

Sonda Əl-Cəzirə Media Şəbəkəsinin rəhbərliyi tərəfindən təsdiqlənmiş əməkdaşlıq müqaviləsini rəsmi nümayəndə Sami Əl Hacc və BAMF prezidenti Umud Mirzəyev imzalayıblar.