“Müharibə media təmsilçilərinin fəaliyyəti baxımından böyük təhlükə meydanıdır. Rusiya-Ukrayna müharibəsi də istisna deyil. Nüfuzlu “Time” jurnalının əməkdaşı Brent Reno Kiyev yaxınlığındakı İrpendə peşə vəzifəsini yerinə yetirərkən həyatını itirib”.

Mia.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov paylaşım edib.

O bildirib ki, vaxtilə “New York Times”ın müxbiri olmuş Reno Rusiya-Ukrayna müharibəsinin ilk jurnalist qurbanı kimi tarixə düşəcək: “Ən pisi isə budur ki, savaş uzandıqca media təmsilçiləri sırasından müharibə qurbanlarının artma təhlükəsi də böyüyür. Pis deyəcəyimiz daha bir məqam var – müharibə bütün dəyərləri sıradan çıxardığı kimi, jurnalistika dəyərlərini də saymazdan gəlir. Dünyanın gündəmi Ukraynadır. Bu gündəmdə hər tərəf öz həqiqətləri və doğruları ilə silahlanıb. İnsan həyatı o həqiqətlər və doğruların yanında silahsızdır, əliyalındır, köməksizdir, çarəsizdir. Müharibənin dəhşəti də elə budur”.

Xatırladaq ki, Kiyev polisinin yaydığı məlumata görə, “New-York Times"in keçmiş əməkdaşı Brent Reno İrpendə rus hərbçilərinin açdığı atəş nəticəsində həlak olub, digər jurnalist isə yaralanıb. Amerikalı jurnalist İrpendə qaçqınların təxliyəsi ilə bağlı material hazırlayırdı.