Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistlər Asəf Novruzov və Məhsud Səfərova hökm oxunub və onlar 7 il müddətinə azadlıqdan məhrum edilib.

Mia.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, “cia.az” informasiya portalının rəhbəri Novruzov Asəf Baxşəli oğlu və həmin saytın əməkdaşı Səfərov Məhsud Səfər oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Aparılan əməliyyat-istintaq tədbirləri ilə A.Novruzov və M.Səfərovun qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda müxtəlif vəzifəli şəxslərin barələrində həqiqəti əks etdirməyən rüsvayedici məlumatların fəaliyyət göstərdikləri informasiya resurslarında dərc ediləcəyi ilə bağlı hədələnməsi yolu ilə onlardan ümumilikdə 2 min 900 manat pul vəsaitini hədə-qorxu ilə tələb ediblər.

İbtidai istintaq zamanı onlara Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddələri ilə ittiham elan edilib və barələrində həbs qətimkan tədbiri seçillib.