Səhiyyə Nazirliyi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

Mia.az xəbər verir ki, məlumatda qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfərin yerləşirildiyi bildirilib: "Onlardan 11-i Türkiyə vətəndaşıdır. 2 nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir".

***

Ötən gün Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların sayı açıqlanıb.

Füzuli Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, ilkin tibbi yardımdan sonra 16 nəfər Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.

Bundan başqa, Füzuli RMX-də olan 5 nəfərin vəziyyəti stabildir, həkim nəzarətindədirlər.

***

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Mia.az-a verilən məlumata görə, qəza axşam saatlarında Xocavənd rayonu ərazisində baş verib: "Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən bir neçəsi xəsarət alıb.

Qəzanın başvermə səbəbləri və digər təfərrüatlar barədə daha ətraflı məlumat veriləcək".