Avropa Şurası Parlament Assambleyası (AŞPA) böhran zamanı medianın roluna dair qətnamə qəbul edib.
Sənəddə media azadlığı, plüralizm və müstəqil medianın mövcudluğunun demokratik cəmiyyətlər üçün vacib ilkin şərtlər olduğu, lakin sağlam medianın əhəmiyyətinin böhran dövrlərində özünü daha aydın göstərdiyi bildirilib.
"Azad və müstəqil media vətəndaşlara düzgün, dolğun və keyfiyyətli məlumat verməlidir ki, bu, onun hüququ olmaqla yanaşı, həm də vəzifəsidir. Vətəndaşların media vasitəsilə böhranlarla bağlı etibarlı, aydın məlumatlara çıxışının olması çox vacibdir. Çünki bu cəmiyyətin böhran vəziyyətləri ilə - səhiyyə sistemində böhranlar, təbii fəlakətlər, terror aktları, sosial zorakılıq və ya silahlı münaqişələr zamanı effektiv mübarizə aparmaq bacarığına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Media dialoqun yaradılmasında və münaqişələrin qarşısının alınmasında da mühüm rol oynaya bilər", - qətnamədə vurğulanıb.
AŞPA böhran dövrlərində medianın üzərinə düşən məsuliyyətin böyük olduğunu qeyd edərək üzv dövlətlərə müvafiq tövsiyələr ünvanlayıb: “Azad və müstəqil media böhranın əsl səbəblərinin tənqidi təhlilini verməlidir. Media böhranın səbəbləri və zərərli təsirlərinin aradan qaldırılması üçün müvafiq tədbirlərə dair müzakirələri təşkil edə, bu debatlarda vətəndaşların iştirakını asanlaşdıra bilər. Media siyasi liderlər tərəfindən qəbul edilən qərarların legitimliyini gücləndirməyə və onların həm məzmununu, həm də səbəblərini başa düşməyə kömək edə bilər. Media eyni zamanda qərar qəbul edənlərlə əhali arasında əlaqə kimi mühüm rol oynaya bilər. Bundan əlavə, media maarifləndirici rol oynaya bilər, böhran dövründəki yeni öhdəlikləri və hakimiyyətin vətəndaşlardan gözlədiyi münasibəti təhlil edərək izah etməyi bacarmalıdır. Böhran zamanlarında dezinformasiya, qütbləşmə və onlayn populizm riskləri artır. Bu zaman yayılan məlumatların yoxlanılmasında peşəkarlıq və ciddilik tələbi daha da artır"/Report.