ABŞ Prezidenti Co Bayden mətbuat konfransında söyüşlə təhqir etdiyi “Fox” telekanalının reportyorundan üzr istəyib.
CNN-in verdiyi xəbərə görə, bu barədə təhqirə məruz qalmış jurnalist Piter Dusi yerli mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, hadisədən qısa bir müddət sonra Prezident Co Bayden onun mobil telefonuna zəng edərək səsləndirdiyi təhqiramiz fikirlərə görə üzrxahlıq edib.
“Bir saat keçmədən o, mənim mobil telefonuma zəng etdi və bunun şəxsi olmadığını qeyd etdi”, - P. Dusi qeyd edib.
P. Dusi vurğulayıb ki, Co Baydenin üzrxahlıq üçün zəng etməsini təqdir edir və telefon danışığı zamanı Prezidentə gözlənilməz suallar verməyə davam edəcəyini bildirib.
Qeyd edək ki, ötən axşam “Fox” telekanalının jurnalisti Piter Dusi Co Baydenə ölkədə inflyasiyanın aralıq seçkilərdə siyasi məsuliyyət olub-olmaması ilə bağlı sual ünvanlayıb.
Co Baydenin suala reaksiya kimi səsləndirdiyi təhqiramiz sözlər açıq mikrofondan eşidilib/APA.