"Keçən həftənın iki günü Milli Məclisin nümayəndələri və əlaqəli qurumların rəhbərləri ilə Media Qanunu layihəsinin müzakirəsində iştirak etdim. Sonuncu müzakirədən sonra zaman azlığını nəzərə alıb digər təklifləri yazılı təqdim edə biləcəyim mənə bildirildi".

Mia.az xəbər verir ki, bu sözləri media üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli sosial şəbəkədəki hesabında yazıb.

O qeyd edib cümə günü media mütəxəssisləri Mehman Əliyev, Qulu Məhərrəmli, Elçin Şıxlı, Arif Əliyev, internet üzrə mütəxəssis Osman Gündüz və media hüququ mütəxəssisi Xalid Ağaliyevlə daha geniş müzakirə aparıblar, təkliflərin ümumiləşdirilməsini Xalid bəylə birgə bu gün yekunlaşdıblar:

"Təkliflərimizi Milli Məclisin əlaqəli şəxsinə və Komitə sədrinə göndərdim. Toplam 40-dək maddəyə dair təkliflər irəli sürülüb. Bu zaman əsas beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərinə, Azərbaycan Respublikası Konstitusiyasına, Avropa İnsan Hüquqları Konvensiyasına, BMT-nin Mülki və Siyasi hüquqlara dair Paktına və Avropa Məhkəməsi yurdiksiyasına əsaslanan arqumentlərə söykənilib.

Təkliflərin bəziləri mövcud maddələrin çıxarılmasını, bəziləri yeni redaksiyada təklif olunmasını, bəziləri isə dəyişdirilməsini hədəfləyir. Hər bir təklifin əsaslandırılması üçün ayrıca qeyd yazılıb.

ƏlbəttəŞ bizim qısa zaman çərçivəsində çatdırıb hazırlaya bildiyimiz təkliflər də qanunu mütərəqqi standartlara uyğun etmir. Lakin, layihə üzərində iş davam etdirilməlidir. Biz də bu istiqamətdə səylərimizi davam etdirəcəyik".

Ə.Məmmədli təəssüflə yazıb ki, son günlər səhhətində problem yaranıb: "Xəstələnmişəm və böyük ehtimalla virusa yoluxmuşam. Bu səbəbdən sabahkı ictimai müzakirələrə dəvətli olsam da, iştirakım mümkün görünmür.

Ümid edirəm, təkliflərimizin öyrənilməsi üçün bu il (bu həftə) qanun layihəsi tələsik 3-cü oxunuşa çıxarılmayacaq və beynəlxalq standartlara, prinsiplərə uyğun olan, media azadlığını və jurnalist fəaliyyətini təhdid etməyən yeni qanun layihəsi konsensusla qəbul ediləcək".