8 siyasi partiya prezident İlham Əliyevə və Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət edərək “Media haqqında” qanunun layihəsinin parlament müzakirəsinin dayandırılmasını istəyib.

Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il fərmanı ilə hazırlanaraq dekabrın 10-da dərc edilən “Media haqqında” qanun layihəsi Milli Məclisdə iki oxunuşdan keçib, 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Novator.az-ın məlumatına görə, Azərbaycan Yüksəliş Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Milliyyətçi Demokrat Partiyası, Azərbaycan Demokratiya və Rifah Partiyası, Azərbaycan Xalq Partiyası, Azad Demokratlar Partiyası, Haqq-Ədalət Partiyasının prezidentə və spikerə müraciətində qeyd olunur ki, media qanunu layihəsində platforma yayımı və operatorlarının işini lisenziyalaşdırmaqla internet televiziyalarının nəzarətə götürülməsi, jurnalistlərin fəaliyyətinin reqlamentləşdirilməsi ilə onların hakimiyyətdən asılılığının gücləndirilməsi kimi mürtəce normalar yer alır: “Qanun layihəsi jurnalistika ilə kimlərin məşğul ola biləcəyini müəyyənləşdirir, dövlətin jurnalistlərə reyestr yaratmasını, vahid vəsiqə qaydasının tətbiqini nəzərdə tutur, bu da medianın özünütənzimləmək imkanlarının jurnalistlərin əlindən alınması, bütün səlahiyyətlərin mərkəzi icra hakimiyyəti orqanında cəmləşdirilməsidir.

Jurnalistlərə peşə etikasına əməl etmək, fakt və hadisələri qərəzsiz, obyektiv şərh etmək, birtərəfliliyə yol verməmək, gizli yolla əldə edilmiş məlumatları yaymamaq kimi tələblərin qoyulması ifadə və media azadlığını daraldır.

Qanun layihəsinə siyasi partiyaların informasiya siyasətini, mediaya çıxışını məhdudlaşdıran müddəalar da daxil edilib, onların çap mediasını çıxmaqla media subyektinin təsisçisi (iştirakçısı) olmasına məhdudiyyət qoyulur.

Layihə geniş ictimai müzakirədən keçirilmədən, Avropa Şurasının Venesiya Komissiyasının, ATƏT-in Media Ofisinin rəyləri alınmadan parlament müzakirəsinə çıxarılıb.

Qanun layihəsinə konstitusiya və milli qanunvericiliyin, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə zidd olaraq söz, fikir və mətbuat azadlığının məhdudlaşdırılmasına yönələn maddələr daxil edilib.

Bütün bunları nəzərə alaraq sizi qanun layihəsinin parlament müzakirəsinin dayandırılması və onun geniş ictimai müzakirəyə çıxarılaraq təkmilləşdirilməsi üçün gərəkli addımlar atmağa çağırırıq”.