Türkiyənin paytaxtı Ankarada İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təsis etdiyi “Zəfər media” mükafatının təqdimat mərasimi keçirilib.
Mia.az xəbər verir ki, İSBAM və AnkaDer (Anka-Azərbaycan Mədəniyyət və İncəsənət Dərnəyi) tərəfindən birgə təşkil olunan mərasim şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut, Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Sonra İSBAM-ın rəhbəri, politoloq Samir Adıgözəlli çıxışında Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən danışıb. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi prosesinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun qazandığı parlaq Qələbənin real nəticələrinin dünya birliyinə düzgün çatdırılmasında medianın əvəzsiz rolu olub. Azərbaycanın haqq işini müdafiə edən KİV nümayəndələrinin “Zəfər media” mükafatı ilə təltif edilməsi onların peşə fəaliyyətinə verilən yüksək dəyərin nümunəsidir.
Tədbirdə Azərbaycanın Türkiyədəki Səfirliyinin birinci katibi Aygün Qocayeva da iştirak edib. O, tədbirdə çıxış edərək, öz fikirini söyləyib, qaliblərə uğurlar arzulayıb.
Qeyd edək ki, İSBAM “Zəfər media” mükafatının təqdimetmə mərasimini bundan əvvəl cari ilin mart ayında İstanbul şəhərində keçirib.