Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Məlumata görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə V.Səfərli və N.Məmmədovun vəkillərindən birinin məhkəməyə gəlmədiyi elan edilib.

Digər təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edərək müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Proses dekabrın 16-da davam etdiriləcək/Report.

Xatırladaq ki, dövlət ittihamçısı Vüqar Səfərlinin 11il, Bünyamin İsmayılov 7 il, Ədalət Vəliyev 7 il, Nadir Məmmədov 7 il, Bəxtiyar Fətullayev 2 il, Təmkin Xəlilov 2 il, Telman Tahirov 7 il, Valeh Orucov 2 il, Təhminə Yaqubova 6il şərti, Şahin İbrahimov 2 il və Namiq Hacıyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.