"Media haqqında" yeni qanun layihəsində jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir.
Mia.az-ın məlumatına görə, millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu məsələ hamıya şamil olunmamalıdır: "Bəzi jurnalistlər əmək müqaviləsi ilə işləyirlər və vergi ödəyirlər. Amma bütün jurnalistlərə bunun şamil edilməsi doğru deyil. Çünki jurnalist sərbəstliyinə imkan yaratmaq lazımdır. Sadəcə etik çərçivəni müəyyən edəndən sonra bu sərbəstliyi hansı formada gerçəkləşdirəcəklərsə, bu, jurnalistlərin artıq özünə aid olan məsələdir. Bu çərçivə pozulacaqsa, məsuliyyət yaranacaq. Ona görə də jurnalisti həddindən artıq bürokratik çərçivədə saxlamaq doğru deyil".
"Jurnalistlərə sərbəstlik, azadlıq və öz fikirlərini ifadə etmək imkanlarını daha çox genişləndirmək lazımdır. Amma bununla bərabər məsuliyyəti də tələb etmək lazımdır. Belə qanunlarda hamını razı salan və ya razı salmayan müəyyən tərəflər də olur. Hər halda elə etməliyik ki, bu qanun layihəsi yaxşı cilalansın və jurnalistlərin işinə də kömək etsin"-deyə deputat qeyd edib.