Azərbaycanda Audiovizual Şura yaradılacaq.
Bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihədə qeyd edilib ki, Azərbaycanda audiovizual media sahəsində tənzimləməni Şura həyata keçirir. Şuranın fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Şura müstəqil balansa, “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” qanuna uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara, blanklara və bank hesablarına malikdir.
Şuranın fəaliyyət istiqamətləri isə aşağıdakılardır:
1. audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirmək;
2. audiovizual media sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək.
3. bu qanunla müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.
Sənəddə qeyd edilib ki, Şura sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.
Şuranın üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
Üzvlərin səlahiyyət müddəti 5 (beş) ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Şuranın üzvü ola bilməz.
***
Azərbaycanda gizli audio və vizual məlumatlardan istifadə ediləcəyinə hansı hallarda yol veriləcəyi məlum olub.
Bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.
Gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə etməyə və ya onları yaymağa yalnız aşağıdakı hallarda yol verilir:
1. Barəsində gizli audio və ya video yazısı, foto çəkilişi aparılmış şəxsin bu materiallardan istifadəyə və ya onların yayılmasına yazılı razılığı varsa, habelə digər şəxsin (şəxslərin) Azərbaycanın Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşdürsə;
2. Məhkəmənin qərarı ilə nümayiş etdirilirsə.
Bu Qanunun 21.1-ci maddəsinin tələblərini pozaraq gizli audio-video yazılardan, film və foto çəkilişlərindən istifadə olunması və onların yayılması qadağandır.