Sabiq deputat və icra başçısı Maksim Musayev oktyabrın 27-də vəfat edib.
Mia.az xəbər verir ki, o, ürəktutmasından həyatla vidalaşıb.
Xatırladıq ki, Maksim Musayev 1938-ci il avqustun 18-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 1956-cı ildə İrəvan şəhərində azərbaycan orta məktəbini bitirmişdir. 1956-1958-ci illərdə Gəncədə Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirmişdir. 1958-ci ildən Ermənistan KP Vedi Rayon Komitəsində təlimatçı olmuşdur. 1960-1961-ci illərdə İrəvan Kənd Təsərrüfatı İnstitutunda, 1961-1966-cı illərdə Leninqrad Kənd Təsərrüfatı İnstitutunda və daha sonra isə Bakı Ali Partiya məktəbində təhsil almışdır.
1966-cı ildən Bakıda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda aspirant, 1970-ci ildən Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1974-cü ildən Azərbaycan Respublikası Xalq Nəzarəti Komitəsində inspektor, 1980-ci ildən Azərbaycan KP MK-da təlimatçı, inspektor işləmişdir. 1982-ci ildən Qax Rayon Partiya Komitəsinin birinci katibi, 1988-ci ildən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda bölmə müdiri, 1989-cu ildən Azərbaycan Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini, 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi, sonra rayon Sovetinin sədri, 1991-1992-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Qax və Xızı rayon sovetlərinin bir neçə çağırış deputatı, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1990-cı ildə respublikanın xalq deputatı və 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Birinci çağırış Milli Məclisin yerli özünüidarə məsələləri daimi komissiyası sədrinin müavini və Azərbaycan-Çin Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.
"Heydər Əliyevin qayıdışı parlamentdə", "Milli Şura Parlamenti 1991-1992" və bir neçə başqa siyasi kitabların müəllifidir. "Şərəf nişanı" ordeni və bir neçə medalla təltif edilib. "Piterskie Azerbaydjantsi" ("Piter Azərbaycanlıları") qəzetinin təsisçisi və baş redaktoru olub.
Allah rəhmət eləsin!