Bu gün Topaz Premyer Liqada 21-ci tura yekun vurulub.
Günün ilk qarşılaşmasında "Bakı" və "Neftçi" klubları üz-üzə gəlib. Bu görüşdə 2:0 hesabı ilə qələbə qazanan "Bakı" xalını 36-ya yüksəldib.Turun maraq doğuran görüşü Qəbələdə baş tutub. Burada yerli "Qəbələ" klubu "Xəzər Lənkəran"ı qəbul edib. Oyunda hesabı açan tərəf "Qəbələ" olsa da, Yuri Syominin komandası sonda məğlubiyyətlə barışıb - 2:3.
"Sumqayıt" - "Rəvan" görüşü saat 16:00-da start götürüb. Çempionatın autsayder komandalarının duelində qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər - 1:1.
Premyer Liqanın hazırkı lideri "Qarabağ" klubu isə doğma azarkeşləri önündə AZAL-ı qəbul edib. Qurban Qurbanovun komandası bu görüşdə qələbə qazanmaqla liderliyini bir qədər də möhkəmləndirib - 2:1.