Şahin CƏFƏRLİ,
Politoloq
***
Krım Platformasına qatılmama və Kıbrısı tanımama qərarları da göstərir ki, Qarabağ problemi hələ bitməyib.
Bu məsələ Azərbaycanın xarici siyasət qərarlarına təsir göstərən əsas faktor kimi qalır, üstəlik, rus ordusunun Qarabağda olması Azərbaycanın müstəqil xarici siyasət imkanlarını məhdudlaşdıran gerçəklikdir.
Krım Platformasına yüksək səviyyədə qatılsaydıq, bu tədbiri "antirusiya tədbiri" kimi qiymətləndirən Moskvanın qəzəbinə gələ bilərdik. Rusiyanın buna cavab olaraq istər Qarabağda, istərsə də başqa istiqamətlərdə Azərbaycan dövləti və hökumətinə qarşı çeşidli provokasiyalar törətmək üçün geniş imkanları var.
Quzey Kıbrıs Türk Cümhuriyyətini müstəqil dövlət kimi tanısaq, Yunanıstan və Kipr də qondarma "DQR"i tanıya, üstəlik, Avropa Birliyində Azərbaycana qarşı sanksiyaların tətbiqi məsələsini qaldırıb, buna nail ola bilər. BMT Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin də bu məsələdə yunan tərəfinin mövqeyini dəstəklədiyi məlumdur.
Quzey Kıbrısı bu mərhələdə tanımamağı doğru hesab edirəm. Təkcə yuxarıda qeyd etdiyim səbəblərə görə yox. Kıbrıs türkləri də müstəqillik və suverenlik məsələsində həmrəy deyil və onların bir çoxu (gənclərin əksəriyyəti) vahid, federativ dövlətin tərəfdarıdır. Öncə Kıbrıs türklərinin özləri bu məsələdə konsensusa gəlməlidir.
Amma Krım Platformasına heç olmasa, aşağı səviyyəli təmsilçi göndərmək olardı, çünki biz onsuz da Krımın ilhaqını tanımamışıq və bunu Rusiya da bilir.
Başqa bir tərəfdən, Krım Platformasına türk coğrafiyasından sadəcə Türkiyənin qatılması Turan söhbətlərinin də içiboş romantizm olaraq qaldığını göstərir. Turan coğrafiyasında indikindən daha sıx inteqrasiya təbii ki, mümkündür, amma yalnız Rusiyanın icazəsi, iştirakı və liderliyi ilə - onun Böyük Avrasiya Tərəfdaşlığı vizyonu çərçivəsində.
MİA.AZ