“Ümumrespublika elmi-maarifləndirici kanalının açılması üçün müsabiqənin elan olunması müsbət hadisədir. Ona görə ki, buna ehtiyac çoxdur”.
Mia.az xəbər verir ki, bu fikirləri Bakupost.az -a professor, teletənqidçi Qulu Məhərrəmli Milli Televiziya və Radio Şurasının təhsil və elmi-maarifləndirici ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqəyə yekun qərarına münasibət bildirərkən deyib.
Professor hesab edir ki, Azərbaycanda ixtisaslaşmış kanallar var, amma ən çox ehtiyac duyulanı maarif və təhsil kanalıdır:
“Bu praktika xaricdə də var. Qərarla tanışam, iddiaçıların işlərini MTRŞ yoxlayıb, onlara lisenziya verməyib. Hər halda maraqlıdır, iddiaçılar özləri razı qalıblar, ya yox. Burada qanuna zidd nəsə yoxdur. Təhsil, maarifçilik kanalı yüksək peşəkarlığa malik olmalıdır. “Təhsil TV”, “Medical Media” bunlar maraqlı iddiaçılardır. Dünya praktikasında ixtisaslaşmış studiyaları görə bilərik. Mahiyyətcə yaxşıdır. İddiaçının texniki imkanları, yaradıcı potensialı və konsepsiyası olmalıdır. Müsabiqə yenidən elan olunmalıdır, iddiaçıların iradları qəbul edib yenidən müraciətlər etməlidirlər”.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının 2021-ci il iyunun 7-dən iyulun 7-dək ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması ilə bağlı (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV yayım kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) elan etdiyi müsabiqə üçün 6 iddiaçı (“APA Mark” MMC, “Təhsil TV” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC, “İsti Press” MMC və “Medical Media” MMC) sənədlərini təqdim etmişdi.
Şura, heç bir iddiaçıda təhsil, elm və maarifləndirmə janrlı ümumilikdə televiziya kanalının fəaliyyəti üçün müvafiq potensialın olmadığı qənaətinə gəlib.