Adil ƏLİYEV,
Vitse-spiker
***
Vladimir Jirinovski Rusiyanın etibarlı strateji tərəfdaşı, yaxın dostu və nümunəvi qonşusu olan Azərbaycan haqqında absurd iddialar – sərsəm fikirlər səsləndirib. Bu, yeni hadisə deyil və təsadüfi xarakter daşımır.
Jirinovski hər zaman anti-Azərbaycan əhvalında olan və Rusiya-Azərbaycan münasibətlərinin mahiyyətinə - ruhuna uyğun olmayan mövqe(sizlik) ortaya qoyan xidmətçi – fiqurdur. Belə demək mümkünsə, o, daim Azərbaycana qarşı düşmən mövqeyində olan və ölkəmizin strateji nailiyyətlərindən dolayı siyasi həzmsizlik sindromu yaşayan ermənipərəstlərdən biri olub və indi də elədir. Reallıq isə budur ki, bu gün siyasi səviyyəsizlik sindromu yaşayan Jirinovskinin Azərbaycana qarşı və Rusiya-Azərbaycan münasibətlərini hədəf seçən sərsəmləmələri, ilk növbədə, onun öz ölkəsinin maraqlarına ziddir.
Digər tərəfdən, aydın məsələdir ki, Jirinovski XX əsrin 90-cı illərində ortaya atılan, qısa müddətdə ifşa olunan, neqativ əməlləri, daxili ictimai-siyasi münasibətlərə, hətta vətəndaşı olduğu Rusiyanın milli maraqlarına zərər vuran fəaliyyəti ilə seçilən uğursuz siyasi proyektdir. Bu antipatik obrazın siyasi portret cizgiləri çoxsaylı eybəcərliklərlə zəngindir. O, eyni zamanda, rus siyasi şüurunda öz ölkəsinin milli maraqlarına zidd açıqlamalarla və davranışlarla çıxış edən zərərverici siyasi orqanizm kimi səciyyələndirilir.
Bütün hallarda, reallıqlar ortada – gerçəkliklər aydındır. Tarixi qələbə qazanmaqla öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan güclü – qüdrətli dövlətdir və ölkəmizin tarixi nailiyyətlər qazanmasının əsasında duran başlıca amillərdən biri xalq-iqtidar birliyi, milli həmrəylikdir. Sabitlik mühiti və dinamik inkişaf respublikamızın bundan sonra da bütün strateji hədəflərini gerçəkləşdirməyə imkan verəcək. Ona görə də Jirinovskinin qeyri-ciddi fikirlərinin heç bir mənası – məzmunu və əhəmiyyəti yoxdur.
Yaxşı olar ki, o, “siyasi ahıl yaşı”nda ağıla gələrək bu cür təxribatçı, öz ölkəsinin milli maraqlarına zidd hərəkətlərdən imtina etsin. Jirinovski üzərindən oyun oynayanlar isə Rusiyanın maraqlarına necə böyük zərbə vurduqlarını gec olmadan anlamalıdırlar.
Mia.Az