Şahin CƏFƏRLİ,
Politoloq
***
“Gürcü Arzusu” Avropa Birliyinin rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə müxalifətlə əldə olunmuş razılaşmadan birtərəfli qaydada çıxdı.
“Şarl Mişel razılaşmaları”nda seçki islahatı və məhkəmə-hüquq islahatlarının keçirilməsi nəzərdə tutulurdu, eyni zamanda qeyd olunmuşdu ki, payızda yerli idarəetmə orqanlarına seçkilərdə hakim partiya 43%-dən az səs alsa, 2022-ci il üçün erkən parlament seçkiləri təyin olunacaq. Seçkilərin saxtalaşdırıldığını bildirən müxalifət “Gürcü Arzusu”nun bu öhdəlikləri götürməsindən sonra könülsüz də olsa, parlamentin işində iştiraka qərar vermişdi. (Parlamentdə iqtidar partiyasının 84, müxalifət partiyalarının 66 millət vəkili var.)
“Gürcü Arzusu”nun son qərarı Avropa Birliyinin və Şarl Mişelin reputasiyasına ağır zərbə olmaqla, bir daha bu təşkilatın nə qədər dişsiz qurum olduğunu göstərir. Özü də bu qərarı AB ilə assosiativ saziş imzalamış, vizasız gediş-gəliş hüququ əldə etmiş, postsovet məkanında Qərbdən ən çox asılılığı olan, ondan yardımlar alan 3 ölkədən biri edir. Hələ üstəlik, AB-nin Gürcüstana qarşıdakı 5 ildə 3,9 milyard avro investisiya sözü verdiyi bir məqamda... Görünür, hiyləgər və iti zəkalı İvanişvili AB-dən hər hansı sərt cavab (sanksiya xarakterli) gözləmir və qərblilərin ənənəvi narahatlıq, qınama bəyanatlarından o tərəfə keçməyəcəklərinə inanır. (AB-nin öz nüfuzunu xilas etmək üçün hansısa addım atıb-atmayacağını şəxsən maraqla gözləyirəm.)
Ümumən həm Gürcüstanda, həm də Ukraynada Qərbin siyasətindən məyusluq yavaş-yavaş artır. Bu ölkələr böyük itkilər hesabına avroatlantik inteqrasiya kursu seçib, 2014-cü ildə AB ilə assosiasiya sazişi imzalasalar da, təşkilat hələ də onlara üzvlük perspektivi vermir. Kiyev və Tiflis illərdir xahiş edirlər ki, gəlin, rəsmi sənədlərin birində yazaq ki, bu ölkələr AB-nin bütün kriteriyalarına uyğunlaşarsa, gələcəkdə Avropa Birliyinə üzv qəbul olunacaqlar. Lakin AB (təbii ki, Almaniya və Fransa) hər dəfə bu xahiş və tələbləri rədd edir. Bənzər vəziyyət bu ölkələrin NATO-ya üzvlüyü məsələsində də yaranıb. Doğrudur, AB-dən fərqli olaraq, NATO Ukrayna və Gürcüstana üzvlük perspektivi verib. 2008-ci il Buxarest zirvəsində Buş hökuməti bu ölkələrə üzvlükdə son mərhələ olan Üzvlük üçün Fəaliyyət Planı (MAP) verilməsini istəyirdi, Merkel və Sarkozi isə buna qəti şəkildə qarşı idilər, sonda kompromis variant kimi yekun Kommünikedə konkret tarix göstərilmədən “Ukrayna və Gürcüstan gələcəkdə NATO-ya üzv qəbul ediləcək” cümləsi yazıldı.
Lakin Almaniya və Fransanın mövqeyində hər hansı dəyişiklik yoxdur və onların Ukrayna ilə Gürcüstana nə vaxt yaşıl işıq yandıracaqları bəlli deyil. Heç ABŞ-ın da bu məsələdə istəkli və israrlı olduğunu söyləmək doğru olmaz. Seçki kampaniyasında Putin tiraniyasına son qoyacağını vəd edən Bayden hakimiyyətə gəldikdən sonra isə Rusiya daha geniş meydan əldə edib. Bayden hətta ABŞ qanunlarını qulaqardına vuraraq Rusiyaya qarşı sanksiya tətbiq etməkdən vaz keçib, üstəlik rusiyalı hakerlərin ABŞ-ın enerji və qida təhlükəsizliyini hədəf alan hücumlarına da cavab verməyərək “bunlar Rusiya hökumətinə bağlı hakerlər deyil” bəhanəsinə sığınıb. (Dünən isə rusiyalı hakerlərin gələn il Konqresə keçiriləcək seçkilərə müdaxilə etdiyini söylədi. Artıq ciddiyyətini və inandırıcılığını tamam itirib.)
İkinci Dünya müharibəsi ərəfəsində Britaniya və Fransanın Almaniya ilə münasibətlərdə yeritdiyi təcavüzkarı “sakitləşdirmə” siyasətini (политика умиротворения - politics of appeasement) bu gün Almaniya, Fransa və qismən ABŞ-ın timsalında Qərb Rusiya ilə münasibətlərdə təkrarlayır. Putin bundan cəsarətlənərək Ukrayna ilə bağlı məqaləsində Kiyevin qarşısında iki seçim qoydu: ya avroatlantik inteqrasiyadan imtina edib, bizimlə razılaşırsız və sizə toxunmuram; ya da “tarixi rus torpaqları”nı geri qaytarmaq və oradakı Rusiya vətəndaşlarını qorumaq üçün güc işlətməyə məcbur olacağam.
Zelenski indi ona ümidlidir ki, ölkəsinə güclü ikipartiyalı dəstəyin mövcud olduğu ABŞ Konqresi və “dərin dövləti” Baydenin Putinlə bu təhlükəli alverini (ya da alver niyyətini) əngəlləyərək Ukraynaya hansısa şəkildə təhlükəsizlik təminatı verəcək. Əks halda, Ukraynanın Rusiya ilə kompromisə getməkdən başqa yolu qalmayacaq. Bidzina İvanişvilinin isə Rusiya ilə əlaqələri hamıya məlumdur və onun Moskva ilə gizli kanallarla müntəzəm məsləhətləşmələr apardığını bilmək üçün məxfi informasiyalara ehtiyac yoxdur. Əgər Qərb hazırkı siyasətini davam etdirərsə, Gürcüstanın və Ukraynanın avroatlantik inteqrasiya kursu "avroatlantik skeptisizm"lə əvəzlənə bilər.
P. S. Belə bir fonda Azərbaycan-Ermənistan sərhədində baş verənlərin arxasında guya Fransa və ABŞ-ın dayandığı barədə fikirlər komik görünür.
MİA.AZ