Hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə müsahibəsində internet televiziyalarının lisenziyalaşdırılması ilə bağlı qanunvericiliyə təklif edilən müddəanın yarada biləcəyi problemlərdən danışıb.
Mia.az onunla müsahibəni təqdim edir:
Amerikanın Səsi: Son zamanlar hakimiyyət təmsilçiləri “KİV haqqında” qanunvericiliyin yenilənməsinin vacibliyindən danışır və bunu İnternet mediasının tənzimlənməsi zərurəti ilə izah edirlər. Son günlər isə İnternet televiziyalarının lisenziyalaşdırılacağından danışılır. Bu fikirlər və təkliflər nə dərəcədə əsaslıdır, bunun arxasında hər hasısa siyasi maraqlar ola bilərmi?
Xalid Ağaliyev: İnternet mediyası son illərdə həyatımıza daxil olub. Bu daxilolma müəyyən mənada medianın tənzimlənməsini nəzərdə tutan qanunvericiliyə müəyyən düzəlişlər edilməsi zərurətini də ortaya gətirir. Amma nəzərə almaq lazımdır ki, internet mediası ifadə azadlığı ilə yararlanmanın, informasiyaların ötürülməsinin bir vasitəsidir. Bu baxımdan xüsusi bir dəyişiklik zərurəti olduğunu düşünmürəm. Amma tənzimlənmə mexanizmləri üzərində müəyyən dəyişikliklər edilə bilər. Azərbaycanda da bilirsiniz ki, təxminən, mən bildiyim qədər bir ildən artıqdır ki, ümumiyyətlə medianın tənzimlənməsi ilə bağlı yeni qanunvericilik qəbul olunacağı söhbətləri gəzir.
Mən iki məsələni qeyd eləmək istəyirəm. Birinci prossesual məsələlərlə bağlıdır. Qanunun hazırlanması ilə bağlıdır. Bir ildən artıqdır ki, belə bir söhbət gedir. Amma, qanun layihəsinin necə hazırlanması, nəyi əhatə etməsi ilə bağlı ictimaiyyətə məlumat verilmir. Qanun layihəsi ictimaiyyətdən qapalı tutulur. Bu sahənin mütəxəssisləri onun hazırlanması prosesinə cəlb edilmirlər. Azərbaycan Avropa Şurasına qəbul edilən ölkədir. Avropa Şurasının həm medianın tənzimlənməsi ilə, həm qanunvericiliklə bağlı, həm də digər sahələrlə bağlı konkret kriteryaları var.
Mən hesab edirəm ki, yeni qanunvericiliyin hazırlanması o kriteryalara uyğun olmalıdır və şəffaf şəkildə hazırlanmalıdır. Avropa Şurasının media qanunvericiliyi, ümumiyyətlə qanun yaradıcılığı məsələlərində yaxından iştirak edən Venesiya komissiyası var, ekspertləri var. Onların ekspertləri də bura cəlb olunmalıdır.
İkinci məsələni qeyd eləmək istərdim. Qanun layihəsi, dediyim kimi, ictimaiyyətə qapalıdır. Bir neçə gün bundan öncə açıqlandı ki, qanun layihəsində belə bir detal var ki, internet televiziyalarını yayımlamaq üçün Milli Televiziya və Radio Şurasından lisenziya alınmalıdır. Hesab edirəm ki, bu çox müsbət bir məqam deyil. Azərbaycanda ümumilikdə lisenziyaların verilməsi prosesi problemli məsələdir. Bu baxımdan hesab edirəm ki, belə bir məqamın hazırlanan qanunda əksini tapması ifadə azadlığı hüququndan yararlanmağa xidmət edən yox, həmin haqdan yararlanmağı çətinləşdirən bir müddəadır.
Amerikanın Səsi: Beynəlxalq praktikada İnternet üzərindən yayımlar qanunvericilikdə necə tənzimlənir?
Xalid Ağaliyev: Avropa Şurası ölkələrinin praktikası var. Bir az öncə qeyd etdiyim kimi internet mediası sadəcə olaraq insanlara informasiyanın ötürülməsinin bir vasitəsidir. Avropa ölkələrində tənzimləmələr vasitələrə yox həmin vasitələrlə yayılan məzmuna yönəlikdir. Yəni internet televiziyası lisenziya alsan, internet televiyası üçün hardansa icazə alsın bunu nəzərdə tutmur. Həmin internet televiziyası ilə nələr yayılır, hansı informasiyalar yayılır, həmin informasiyalara yönəlik tələblər mövcuddur. Bu da nədir? Böhtan və təhqirə qarşı məsuliyyət məsələsidir. Şiddət və nifrətli nitqlə bağlı məsələlərin tənzimlənməsi məsələsidir. Avropa məkanına daxil olan ölkələrin əksəriyyətində dediyimiz sahədəki media ilə bağlı tənzimləmələr bununla bağlıdır.
Məsələn, Türkiyədə bizim dediyimiz praktika var. Türkiyədə internet televiziyası ilə yayım həyata keçirmək üçün onların teleradio şurasından , teleradio qrumundan gedib lisenziya almaq lazımdır. Amma biz bunun qarşılığında nəyi görürük? Avropa məhkəməsi Türkiyə ilə bağlı az qala hər həftə ifadə azadlığının pozuntusu ilə bağlı qərarlar qəbul edir. Həmin qərarlara görə Türkiyə dövləti 100 minlərlə təzminat ödəmək məcburiyyəti qarşısında qalır. Amma eyni zamanda biz deyə bilərik ki, Türkiyədə teleradio lisenziyalarına, tezliklərinə çatım daha rahatdır. Daha demokratik bir şərait mövcuddur. Azərbaycan reallığına gələndə isə onu mütləq qeyd eləməliyik ki, Azərbaycanda ümumilikdə televiziya və radio tezliklərinə çatım bərabər şərtlərlə deyil. Yalnız hökümətə bağlı olan insanlar, hökümətin kontrolunda olan şəxslər tezliyi əldə edə bilərlər. Bütün bu fonda yanaşdıqda Azərbaycandakı həm təcrübə həm də yeni hazırlanan qanunvericilik ümumi o praktika baxımından mürtəce görünür.
Amerikanın Səsi: Əgər dövlət İnternet resursları tənzimləmək qərarına gələcəksə, bəs o zaman xaricdən sosial şəbəkələr üzərində yayımlara qarşı tədbir görmək mexanizmləri yarada biləcəkmi?
Xalid Ağaliyev: Ümumilikdə hər hansı bir yayımı, o cümlədən Azərbaycandan kənarda həyata keçirilən yayımı önləmək üçün Azərbaycanın daxilində hansı qanunların qəbul edilməsinin o qədər də önəmi yoxdur. Hətta hər hansı bir sərt tənzimləyici qanun da qəbul edə bilərsiz. Amma bu qanunvericilik o yayımların qarşısını alınmasında bir rol oynaya bilməyəcək. Halbuki o yayımlar doğrudan da zərərli yayımlardırsa, ictimai mənafeyə zidd yayımlardırsa onların qarşısının alınmasının yolları onsuz da mövcuddur. Siz hər hansı bir yayımın Azərbaycanda qeyri-qanuni olduğunu düşünürsünüzsə və buna əminsinizsə, bunu məhkəmə qaydasında mübahisələndirə bilərsiniz. Xaricdən həyata keçirilən yayımın qarşısını bu yolla ala bilərsiniz. Amma sizin məhkəmə qərarlarınız ədalətli olmalıdır və yayımın qarşısını almağın hüquqi yolunu göstərməlidir. Bu baxımdan siyasi məqsədlərlə, siyasi motivlərlə hansısa yayımın qarşısını almaq istəyəcəksənizsə təbii ki, bunun qarşısını almaq o qədər də asan olmayacaq, siz qeyri-qanuni bloklama və başqa üsullara əl atmalı olacaqsınız. Demək istədiyim odur ki, daxildə hər hansı qanunvericiliyin qəbul edilməsi xaricdən həyata keçirilən yayımları önləmək üçün heç də legitim əsaslar yaratmır.