Elxan ŞÜKÜRLÜ
***
Bizim siyasətçilərimiz dindən bərk hürküb qorxsalar da, əslində, din müasir dünya siyasətində və nizamında ən həlledici, müəyyənedici amil kimi çıxış edir.
Mart ayında Roma Papası Fransiskin İraqa səfəri, Nəcəfdə nüfuzlu şiə lideri Sistani ilə görüşməsi və 3 səmavi din peyğəmbərlərinin ulu babası sayılan Həzrəti İbrahimin doğulduğu Ur şəhərində dua etməsi bütün dünyaya o mesajın çatdırılması idi ki, bəşəriyyətin xilası və təhlükəsiz yaşayışı bu 3 səmavi dinin uzlaşmasından, anlaşmasından və ortaq bir qərar almasından keçir...
Mraqlıdır ki, Roma Papası Fransisklə fotosunu “Oval” kabinetə daşıyan və ən diqqətçəkən yerə qoyan ABŞ-ın katolik prezidenti Co Baydenin iyunun 11-dən 16-dək çəkən Avropa turnesində alınan qərarlar da 3 din təmsliçisi olan ölkələri bir çətir altına toplamaq və onları ABŞ-ın əsas rəqibi buddist Çinə qarşı səfərbər etmək üzərində qurulmuşdu...
İstər “G7”-nin, istər NATO-nun sammitlərinin qərarları, eləcə də keçirilən Bayden-Ədoğan və Bayden-Putin görüşlərindən verilən mesajlar təsdiqləyir ki, ABŞ üçün yeganə rəqib Çindir və o, Çin təhlükəsinə qarşı nəinki Avropa İttifaqını, o cümlədən Rusiya və Türkiyəni, hətta nüvə danışıqları bərpa ediləcəyi təqdirdə İranı da öz yanına almaq niyyətindədir və yaxın gələcəkdə siyasətinin ana xəttini də məhz bu istiqamətlərdə uğur qazanmaq təşkil edəcək...
Bizim üçün ən önəmlisi odur ki, ABŞ-ın bu siyasətinin həyta keçməsinə töhfələrdən biri Azərbaycan prezidenti İlham Əliyevin təklif etdiyi və Türkiyə prezidenti Ərdoğanın da dəstəklədiyi “Altılıq” formatının tezliklə gerçəkləşdirilməsi ola bilər. Çünki yalnız bu format çərçivəsində ABŞ-ın gərgin münasibətlərdə olduğu 3 ölkə - Rusiya, Türkiyə və İranla ortaq bir müstəvi yaradıla və gələcəkdə onun bazasında genişləndirilmiş Avrasiya İttifaqının sərhədləri müəyyənləşə və beləliklə də, buddist Çinin Qərbə doğru sürətli irəliləyişinin qarşısına sədd çəkilə bilər.
Görünən odur ki, 44 günlük Qarabağ savaşı önümüzdə yeni geopolitik fürsətlər açıb və biz bir dövlət, xalq olaraq bu imkanlardan uğurla çıxmaq istəyiriksə, daha ölçülü, daha aydın və həqiqi xalq marağına uyğun bir siyasət həyata keçirməliyik. Kim bu siyasəti həyata keçirəcəksə və ya onun həyata keçməsinə yardımçı olacaqsa, uğur da onunla olacaq. Kim dəyişməyi və yenilənməyi bacarmayacaqsa, yeni dövrün şərtləri altında əzilib gedəcək...
Allah millətimizi və dövlətimizi bu təlatümlərdən, bu ağır mərhələdən də uğurla çıxarsın!
MİA.AZ