Azərbaycan Mətbuat Şurası “Sərhədsiz reportyorlar” təşkilatının xidməti fəaliyyətini yerinə yetirən ispaniyalı jurnalistlərin Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan hərbçiləri tərəfindən guya ölümlə hədələndiklərinə dair twitter hesabındakı paylaşımı ilə bağlı beynəlxalq təşkilatlara və xarici media qurumlarına müraciət ünvanlayıb.
Mia.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, “Sərhədsiz reportyorlar” təşkilatı özünün twitter hesabında xidməti fəaliyyətini yerinə yetirən ispaniyalı jurnalistlərin Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan hərbçiləri tərəfindən guya ölümlə hədələndiklərinə dair paylaşım edib:
"Azərbaycan Mətbuat Şurası olaraq bildiririk ki, Ermənistan müharibə müddətində söz və ifadə azadlığı müstəvisində çoxsaylı manipulyasiyalara, Azərbaycanın nəzarətində olan ərazilərdə hadisələri işıqlandıran jurnalistlərə qarşı hücumlara yol verib.
Ermənistan hakimiyyəti eyni zamanda media təmsilçilərini bilərəkdən döyüş intensivliyi ilə seçilən bölgələrə, beynəlxalq hüquqla Azərbaycanın tərkib hissəsi sayılan ərazilərə aparıb ki, onların həyatları üçün təhlükə yaransın və bunu jurnalistikaya təzyiq kimi qiymətləndirsin. Həmin vaxt “Sərhədsiz reportyorlar” məsələni susmaqla qarşılayıb, heç bir münasibət bildirməyib. Təşkilat işğaldan azad edilmiş Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin mina partlayışı nəticəsində həyatlarını itirmələrinə də səssiz qalıb. Belə bir vəziyyətdə qurumun ispaniyalı jurnalistlərin həyatlarından guya narahatlıq ifadə etməsi, bunu heç bir real fakta əsaslanmadan göstərməsi təəssüf doğurur. Aydındır ki, bu, “Sərhədsiz reportyorlar”ın Azərbaycana qarşı növbəti qərəzidir.
Təşkilat Azərbaycana münasibətdə o qədər qərəzlidir ki, Ermənistanla sərhəddə dayanmış Azərbaycan hərbi qulluqçusunun əlindəki silahla qarşı tərəfi nişanda saxlamaq kimi vəzifə borcunu hədə olaraq qəbul edib. Qurumun twitter paylaşımındakı foto görüntüdən bu qənaətə gəlmək mümkündür. İspan jurnalistlərin guya ölümlə hədələnmələrinin sübuta yetirilməsi cəhdi çox gülünc və absurddur. Azərbaycan hərbçiləri qarşı tərəfə atəş açmayıb.
Bir daha bildiririk ki, "Sərhədsiz reportyorlar" təşkilatı Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Twitter səhifəsindəki paylaşım bunun real sübutudur. Dünyada tanınmış media qurumunun Azərbaycanla bağlı bu sayaq ucuz və bəsit gedişlərə yol verməsi ölkəmizin media ictimaiyyətində dərin hiddət hissi doğurur. İstərdik ki, sizlər də əsl həqiqətlərdən xəbərdar olasınız, söz və ifadə azadlığı müstəvisindəki manipulyasiyaların qarşısının alınması üçün səfərbərlik nümayiş etdirəsiniz. Biz bu qənaətdəyik ki, bəşəri dəyərlər heç bir maraqlı tərəf və ya tərəflərin, o cümlədən "Sərhədsiz reportyorlar" təşkilatının əlində alətə çevrilməməlidir”.