Rasim İSMAYILOV
***
Aqşin Yeniseyin yaxşı bir sözü var. Təxminən belədir: "Həqiqəti bir sözlə demək mümkün deyi".
Jurnalistikamız (?) haqqında həqiqəti(ləri) nəinki bir sözlə, heç bir kitabla demək mümkün deyil. Ən yaxşısı, mənim kimi qınınıza çəkilib, sakitcə durun.
Yüz ildir bir növ məmur-redaktoram. Bilirsiniz niyə?
Birincisi, mənim bacarığım və təcrübəm heç kimə lazım deyil;
İkincisi, sırf jurnalist məhsulu ortaya qoydunsa, səni didəcəklər. Çünki çoxluq sadəcə istifadə üçün bu "ərazidə"dir. Adam didilməkdən qorxmur e.
Sadəcə sənin məhsulundan xeyir götürən "kapitanlar" da o əxlaqda və o "səviyyə"də olur. Çünki onların da məqsədi jurnalistika "xəstəliyi" deyil. Xəstə bizik, yaxşı mənada. Amma çifayda. Başqa sahələri bilmirəm. Amma jurnalistikada "irəli" getmək üçün "peşəkar" olmalısan. Bu "peşəkarlığ"a sahib olmaq o qədər çətin deyil. Bir az əxlaqsızlıq, bir az ev yıxmaq, bir az çörək kəsmək (bunu çörək kəsdiyin şəxslərə qarşı eləsən lap tavan vurar), bir az yaltaqlıq, bir az qudurğanlıq və ən əsası da, peşəkar varsa, bütün mümkün və mümkün olmayan vasitlərdən istifadə edərək oyundan çıxartmaq lazımdır.
Sonuncunu eləmək üçün heç bir məhdudiyyət və sərhəd gözləməməlisən, qətiyyən. Yoxsa, hər şey batar. Bunu bacardınsa, qalan "işlər" yağ kimi gedəcək. Olacaqsan hallı-dullu "peşəkar". Məqalə və ya tv materialı hazırlayanda da, bir balaca dələduzluq eləsən, "partladacaqsan". Vəssalam.
Sözümü qəribçiliyə salsanız, inciyəcəm (zarafat).
Çünki bu 31 ildə bu peşənin ali təhsilini aldım, aspiranturasını oxudum, 17 yaşımdan öz dövrünün ən populyar, 43 min tirajla çap olunan qəzetində ("7 gün") çalışdım, teleməkanımızda ilk canlı yayım tok-şousunun ("3 nöqtə") aparıcısı olmuş bir adam kimi sizə (sizlərə yox))) dəqiq müşahidələrimi yazıram.
Bunu yazmağa niyə məcbur oldum?
Dünəndən bir jurnalist haqqında film çəkilməsi, yerli jurnalistlərə dəyər verilməməsi və sair müzakirələr gedir. Hərə öz yanaşmasında haqlıdır. Savaşda döyüşən jurnalistlərimiz də oldu, gözəl reportajlar hazırlayan jurnalistlərimiz də. Hələ internet resurslarında düşmənə qarşı təbliğat müharibəsi aparan həmkarlarımızı demirəm. Sözsüz ki, başqa ölkə jurnalistlərinin əməyi də danılmazdır. Demək istədiyim odur ki, dostlar özünüzü yormağın mənası yoxdur. Çünki normal, peşəkar jurnalist və jurnalistika söhbəti ötən əsrin sonunda ömrünü başa vurdu. Təəssüf ki...
İndi dəyər verməkdən, peşəkar yanaşmaqdan danışmaq vaxt itkisindən başqa bir şey deyil.
P.S. Heç o boyda yeni rus tv-jurnalistikasının yaradıcısı Vladislav Listyev inmellektual ris cəmiyyətinin yadına düşmür. Nəyi qoyub, nəyi axtarırsınız ay sağ olmuşlar.
MİA.AZ