Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVAX platformasının dəstəyi ilə istehsal olunan AstraZeneca vaksininin sırf 60 yaş üzəri şəxslərə vurulmasına aydınlıq gətirib.

Mia.az Report-a istinadlaTƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bunu həmin vaksinin məhdud sayda olması ilə əlaqələndirib.

Onun sözlərinə görə, vaksin ölkəyə məhdud sayda gətirildiyindən onun ilk mərhələdə yaşlı və xroniki xəstəliklərdən əziyyət çəkənlərə vurulması nəzərdə tutulub: “Bu, vaksinasiya ilə bağlı mövcud standartda da qeyd olunub”.

N.Mustafayeva həmçinin bildirib ki, vaksinasiyadan 6 ay sonra növbəti dəfə peyvəndlənmək üçün hələlik heç bir qərar yoxdur: “Bu məsələ klinik araşdırmalardan sonra məlum olacaq”.

O əlavə edib ki, ikinci dozadan sonra orqanizmdə koronavirus əleyhinə anticisimləri yaranmayan şəxslərin üçüncü doza alması ilə bağlı məsələ aktiv müzakirə mövzusudur.

TƏBİB rəsmisi bildirib ki, vaksin istehsalıçısı olan şirkətlər bu məsələ barədə düşünürlər: “Amma bu gün üçün bütün dünyada bir vaksinin yalnız iki dozasının qəbulu nəzərdə tutulur”.

O həmçinin vurğulayıb ki, "vaksin olunan nahiyəyə su vurmaq olmaz" deyimi yalnış və elmi sübutu olmayan mülahizələrdir: “Bunlar tamamilə əhəmiyyətsiz məlumatlardır. Bol maye içmək və ağır fiziki işlərdən çəkinmək lazımdır. İlk 48-72 saat ərzində sadəcə müəyyən simptomlar yaşaya bilərlər. Bu da təbiidir”.