Hüquq-mühafizə orqanları tərəfindən aparılan yoxlamalar zamanı "Space" TV-nin sabiq rəhbəri Vaqif Mustafayevin fəaliyyəti dövrünə aid ciddi maliyyə pozuntuları aşkarlanıb.
Mia.az xəbər verir ki, bu barədə Demokrat.az-a mötəbər mənbədən məlumat daxil olub.
Məlumatlara görə, hazırda Vaqif Mustafayevin fəaliyyəti araşdırılır, əmlaklarının müsadirə olunması gözlənilir.
Araşdırma zamanı məlum olub ki, Vaqif Mustafayevin fəaliyyəti dövründə telekanalın dövlətə, həmçinin “Azərikosmos” ASC-yə külli miqdarda borcu yaranıb.
Eyni zamanda şirkətdə çalışmış işçilərin əməkhaqqları illərlə verilməyib, onların hüquqları kobud şəkildə tapdalanıb, bütün bunlar isə televiziyanın fəaliyyətində ciddi problemlərə və axsamalara səbəb olub.
Digər məlumata görə, "Space" TV-nin indiki rəhbərliyi bir neçə verilişlərin gələn həftədən dayandırılmasına qərar verib. Bəzi işçilər ödənişsiz olaraq məzuniyyətə göndəriləcək. Onlara bildirilib ki, Vaqif Mustafayevin qanunsuz yollarla əldə olunmuş əmlakı müsadirə olunaraq satıldıqdan sonra yaranmış borc vəsaitləri işçilərə geri ödəniləcək.