ADA Universitetinin Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi “GCRF-COMPASS” layihəsi çərçivəsində iki gün davam edən beynəlxalq konfrans təşkil edib.
Universitetdən Mia.az-a bildirilib ki, “Brüssel, Bakı, Pekin: Aİ, Birləşmiş Krallıq və Çinin Avrasiya ilə əlaqələrin genişləndirilməsində əməkdaşlıq təşəbbüsləri və Azərbaycanın rolu” mövzusunda keçirilən konfrans 16-17 iyun tarixlərində baş tutub.
Yüksək ixtisaslı mütəxəssisləri, akademik və diplomatik sferada fəaliyyət göstərən yerli və xarici peşəkarları, beyin mərkəzlərinin nümayəndələrini bir araya gətirən tədbirdə regional güclərin müəyyənləşdirdiyi strateji prioritetlər və qarşılıqlı faydalı əməkdaşlığı gücləndirəcək əsas vasitələr barədə müzakirələr aparılıb.
Tədbirin ilk günü ADA, Kent və Kembric Universitetlərinin nümayəndələri və Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri iştirakçıları salamlayıblar.