Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin genişləndirilmiş iclasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (“AZƏRTAC”) müxbiri Məhərrəm İbrahimovun və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışovun Kəlbəcər rayonu ərazisində minaya düşərək həlak olmaları ilə bağlı Azərbaycan jurnalistlərinin xarici media qurumlarına və beynəlxalq təşkilatlara müraciəti qəbul edilib.

Mia.az 120-dən çox media, jurnalist təşkilatı rəhbərinin və müstəqil jurnalistin imza atdqıları müraciəti təqdim edir:

"2021-ci il iyun ayının 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (“AZƏRTAC”) Qarabağa ezam olunan müxbiri Məhərrəm İbrahimov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışov Azərbaycanın Ermənistan işğalından azad edilmiş Kəlbəcər rayonu ərazisində minaya düşərək həlak olublar. Daha bir mülki şəxsin həlak olduğu, üç nəfərin isə yaralandığı bu hadisə Azərbaycan jurnalistlərində dərin üzüntü, kədər, təəssüf və hiddət hissi doğurmuşdur.

İkinci Qarabağ Müharibəsinin başa çatmasından, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli birgə bəyanatdan sonra Ermənistan tərəfindən vaxtilə ərazidə yerləşdirilmiş müxtəlif növ minalar və digər partlayıcı qurğular indiyədək xeyli sayda mülki şəxsin həyatına son qoyub, yaralanmalarına səbəb olub. Təxminən 35000-dən çox minanın zərərsizləşdirilməsinə baxmayaraq, mina qurbanlarının sayı artmaqda davam edir. Məhərrəm İbrahimovun və Sirac Abışovun həyatlarını itirmələri ilə nəticələnmiş faciəli hadisə minalanmış ərazilər probleminin jurnalist fəaliyyətinə də maneçilik törətdiyinin, məhdudiyyət yaratdığının, peşəni əsl təhlükəyə çevirdiyinin bariz göstəricisidir. Nəzərə alaq ki, hər iki media orqanının əməkdaşı Kəlbəcər rayonuna məhz xidməti vəzifələrini həyata keçirmək üçün getmişdilər.

Ermənistan Respublikası minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Bu, nəinki həmin ərazilərdə jurnalist yaradıcılığını məhdudlaşdırır, eyni zamanda Ermənistanın işğalı nəticəsində zorla doğma yurdlarından ayrı düşmüş məcburi köçkün ailələrinin geri qaytarılmasına da imkan vermir. Beləliklə həm cəmiyyətin informasiya ilə təminatı, həm də insanların öz evlərində yaşamaq hüququ pozulur. Otuz ilə yaxın müddətdə işğalçılıq yolu tutmuş Ermənistan indi də mina xəritələrini verməkdən imtina etməklə özünün beynəlxalq hüquqa zidd niyyətini gerşəkləşdirməkdə, bölgədə sülhün və əminamanlığın yaranmasına qarşı çıxmaqdadır.

Onu da bildiririk ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş quruculuq işlərinə başlanılıb. Əraziyə xarici şirkətlərin böyük marağı var. Bu maraq eyni zamanda müxtəlif ölkələrdən jurnalistlərin bölgəyə axınını şərtləndirməkdədir. Ermənistanın mina xəritələrini verməkdən imtinası xarici media təmsilçilərinin də həyatlarına təhlükədir. Bu, məqsədli şəkildə edilən hərəkətdir, bəşəri dəyərlərə birbaşa təhdid əməlidir. Çox istərdik ki, beynəlxalq təşkilatlar, o cümlədən jurnalistika sahəsində fəaliyyət göstərən nüfuzlu qurumlar məsələ ilə bağlı qətiyyətli və prinsipial mövqelərini bildirsinlər. Hesab edirik ki, onların verəcəkləri sərt reaksiya Ermənistanın tutduğu anti-bəşəri yoldan daşınmasına əməli töhfə ola bilər. Biz Azərbaycan jurnalistlərinin gösləntisi məhz bundan ibarətdir.

Biz Azərbaycan jurnalistləri Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışovun həyatlarını itirmələri ilə nəticələnmiş faciəli hadisədən bir daha kədərləndiyimizi bildiririk. Bu müraciəti imzalamaqla məqsədimiz beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın insan hüquq və azadlıqlarına zidd əməlinə çəkməkdir.

Biz xaricdəki həmkarlarımızı bu fakta ciddi reaksiya verməyə, Ermənistan Respublikasına minalanmış ərazilərin xəritələrini vermək üçün təzyiq göstərməyə çağırırıq. Əmin edirik ki, bu çağırış missiyasına dəstək insanların, habelə jurnalistlərin həyatları üçün mövcud olan təhlükənin aradan qaldırılmasına köməkdir. Bu dəstək həmçinin bölgədə sülhün, əminamanlığın və sabitliyin yaradılmasına son dərəcə böyük töhfə ola bilər".