Azərbaycan xalqının, xüsusilə öz doğma yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərin 30 ilə yaxın davam edən niskilinə, ağrısına, torpaq həsrətinə 44 günlük Vətən müharibəsində son qoyuldu. Artıq 6 aydır ki, 30 il düşmən tapdağı altında qalan torpaqlarımız tarixi sahibinə qovuşmasının sevincini yaşayır.
30 il ancaq dağıntıların, vəhşiliklərin şahidi olan bu torpaqlar bu gün sanki onlara göstərilən diqqət və qayğıdan ərköyünləşir, arxada qalan, daha dəqiq desək, itirilmiş illərin nəvazişini axtarır, 30 ilin ağrı-acısını bir gündə unutmaq istəyir. Bütün bunlar, şübhəsiz, Azərbaycan xalqının məğrurluğundan, yenilməzliyindən, mərhəmətindən, qonaqpərvərliyindən irəli gələn istəklərdir. Bu gün işğaldan azad edilmiş ərazilərimiz 30 ildən sonra öz doğma torpağına qədəm qoyan, bəzən özünü nağıllar, bəzən də gerçəkliklər dünyasında hiss edən azərbaycanlıları hərarətlə salamlayır, xoş ovqatın həsrətində olduğunu formalaşdırdığı aura ilə hiss etdirir.
Dövlətimizin başçısı İlham Əliyevin 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra mütəmadi olaraq işğaldan azad edilmiş torpaqlarımıza səfərləri, onun bu cənnət məkana hər gəlişində bir sıra obyektlərin təməlinin qoyulması, görülən işlərlə tanışlığı məhz bu ərazilərin qısa müddətdə dirçələrək malik olduğu potensial imkanları ilə ölkəmizin hərtərəfli inkişafına dəstək olmaq istəklərinə verilən stimuldur.
Mayın 12-də 29 ildən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşa yenidən özünün doğmalarına qucaq açdı. Şərqin Konservatoriyası
adlandırılan bu əsrarəngiz şəhər dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə mayın 12-13-də 32 illik fasilədən sonra yenidən “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Açığını deyim ki, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, qızları Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına qatılanlar arasında olmağım mənə ikiqat sevinc bəxş etdi. Bu sevinci bizə yaşadan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna sonsuz minnətdarlığımızı bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Şəhidlərimizin xatirəsinə həsr olunan «Xarıbülbül» musiqi festivalı 44 günlük İkinci Qarabağ müharibəsi həqiqətlərinin bir daha Şuşadan, Cıdır düzündən təqdimatı oldu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qalib ölkənin qalib Lideri kimi Zəfərimizlə bağlı hər bir fikri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda qürur hissi yaradır, torpaq, Vətən sevgisinin, milli qürurumuzun torpaqlarımızın işğaldan azad edilməsində böyük rol oynadığını böyük fəxrlə qeyd edirik.
Dövlətimizin başçısı İlham Əliyevin musiqi festivalının açılışında «Əziz dostlar, bu gün ölkəmizin tarixində əlamətdar bir gündür. Uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm» fikirləri hər birimizin torpaqlarımızın işğal dövrünə bir anlıq da olsa qiyabi ekskurs etməsini zərurətə çevirdi. 28 il idi ki, dağlarının başı qara buludlu, meşələri dumanlı olan Şuşada qürbətdə qalan, səsi kəsilən sarı bülbül kimi, onun sirdaşı xarı bülbülün də boynu bükük idi. Şuşa şuşalılarsız qalmışdı. Cıdır düzü namərdlərin tapdağı altında idi. Erməni vandalizminin qurbanı olan, düşmən gülləsindən “yaralanan”, paytaxtda saxlanılan Bülbülün, Üzeyirin, Natəvanın heykəlləri doğma Vətəninə qaydacağı günü səbirsizliklə gözləyirdilər. Şuşa haqqında çox yazılıb, başı qarlı, vüqarlı dağlarının əzəmətindən çox söz açılıb. Dünyanın mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Bülbül, Qasım bəy Zakir, Xurşidbanı Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi
şəxsiyyətlər yetişdirən Qarabağın dilbər guşəsi olan Şuşa şərqlilərə məxsus memarlıq üslubu ilə də fərqlənir. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi də təsadüfi deyil. Sənəddə qeyd edildiyi kimi, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.
Ötən il noyabrın 8-də 29 ilə yaxın işğal həyatını yaşayan, erməni vəhşilikləri ilə üz-üzə qalan Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən dövlətimizin başçısı İlham Əliyevin «Şuşa, sən azadsan! Şuşa, səni dirçəldəcəyik!» fikirləri bugünkü reallıqlarda öz əksini tapmaqla yanaşı, bir daha bu unikal şəhərin tarixi-mədəni əhəmiyyətinə və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olmasına işıq salır. Şübhə yoxdur ki, cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə Prezidentin xüsusi nümayəndəliyinin yaradılması ilə bağlı Sərəncamının ilk olaraq Şuşada reallığa çevrilməsi, dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun inkişafına şərait yaradacaq. Festival günlərində məndə belə bir qəti əminlik yarandı ki, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə imzalanan Sərəncam bir daha Böyük Qayıdışın bir addımlığında olduğumuzu göstərir.
Möhtərəm Prezdentimizin qeyd etdiyi kimi, bu günü 30 il səbirsizliklə gözlədik. 30 il Vətən həsrəti ilə yaşadıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq. Çünki nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızın işğalçılardan azad ediləcəyinə əmin idik.
İşğalın davam etdiyi 30 ildə Azərbaycan gücləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı, Azərbaycan gənclərində vətənpərvərlik hissi daha da artdı, onlar hər an silaha sarılıb torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrini gözlədilər. Zaman hadisələrə ən böyük dəyəri verməklə yanaşı, eyni zamanda, yeganə rəqibimizdir. 30 ilin işğalına, ədalətsizliyinə 44 gündə son qoyan, ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusu tarix yazdı. O tarixi ki, Zəfər Günümüz təsis olundu, xalqımız ən məğrur, qürurlu xalq, ordumuz ən güclü ordu, Prezidentimiz qalib Sərkərdə kimi nüfuz qazandı və özünü təsdiq etdi. Bu gün Şuşa əməliyyatı, ümumilikdə 44 günlük Vətən müharibəsində təcrübəmiz beynəlxalq səviyyədə öyrənilir. Bu əməliyyatların dərsliklərə salınacağı şübhəsizdir. Şuşanın işğaldan azad edilməsi mənfur düşmənə böyük zərbə oldu. Məhz bu tarixi Qələbədən sonra Ermənistan diz çökdü, kapitulyasiya aktına imza atdı, Azərbaycanın Zəfəri beynəlxalq səviyyədə təsdiqləndi və qəbul olundu.
Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Şuşanın, bu alınmaz qalanın fəth edilməsi ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər kəs, o cümlədən bu gün artıq Şuşanı böyük sevinc və qürur hissi ilə ziyarət edən Azərbaycan vətəndaşları görürlər ki, bu təbii qala-şəhəri işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Qəhrəman hərbçilərimiz başı dumana dirənən sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdilər. Heç də təsadüfi deyildi ki, Azərbaycan hərbçiləri şəhərə sahib olduqdan sonra da ermənilər Şuşanın azad edilməsinə inanmırdılar. «Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik» söyləyən dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Ermənilər nə qədər çalışsalar da ötən 28 ildə Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Mənfur düşmən tərəfindən binalar, tarixi və dini abidələrimiz dağıdıldı, ancaq Şuşa özünün milli varlığını, Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə olsa da əyilmədi, sınmadı, öz ləyaqətini, milli ruhunu, Azərbaycan ruhunu qorudu. Məhz bu amillərə söykənərək dövlətimizin başçısı İlham Əliyev musiqi festivalının sonunda bu məqamı xüsusi qeyd etdi ki, biz bu gün birlik, qayıdış, ləyaqət bayramını qeyd edirik: «Biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim
qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!»
Zəfərimizdən sonra keçirilən ilk «Xarıbülbül» musiqi festivalının Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə etməsi də təsadüfi deyildi. Bu baxımdan ki, Azərbaycan tolerant ölkədir. Ölkəmizdə müxtəlif xalqların, millətlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində yaşayır, ölkədə gedən inkişafa öz töhfələrini verirlər. 44 günlük Vətən müharibəsində bu birlik, həmrəylik bir daha özünü qabarıq şəkildə büruzə verdi.
Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyildi. Bu, bir daha Azərbaycan xalqının milli-mənəvi dəyərlərə, milli ruha bağlılığının təsdiqidir. Xalqımız son 30 ildə bir amalla yaşadı - torpaqları azad, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq. Bu günlər hamımız fəxr edir və sonsuz qürur hissi keçiririk ki, hər birimizin qəlbində yuva qurmuş müqəddəs arzularımıza, istəklərimizə ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qurulan möhkəm təməl və bu siyasətin son 17 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində nail olduq. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimində bildirmişdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Möhtərəm Prezidentmiz son 17 ildə hər bir vədini əməldə təsdiqləməklə uğurlarımızın zirvəsində dayanan 2020-ci ilin 8 noyabr - Zəfər Gününü tarixə yazdı.
«Xarıbülbül» musiqi festivalının ilk günündə konsertdən sonra ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın biz jurnalistlərlə səmimi görüşü də yaddaqalan oldu. Dövlətimizin başçısı ermənilərin tarixin saxtalaşdırılması istiqamətində göstərdikləri cəhdlərdən söhbət açdı, eyni zamanda, Birinci Qarabağ müharibəsi illərindəki təbliğatla İkinci Qarabağ müharibəsi dövründə təbliğatı müqayisə edərək Zəfərimizi şərtləndirən amillərə bir daha diqqət yönəltdi. Səmimi diskussiya şəklində keçən görüşdə möhtərəm Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva jurnalistlərlə xatirə şəkli çəkdirdilər. Biz media
nümayəndələri bir daha bu Zəfəri xalqımıza yaşatdıqları üçün Müzəffər Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusuna öz minnətdarlığımızı bildirdik. Xalqımızın daim möhtərəm Prezidentmizin ətrafında sıx birləşməsi, tarixə böyük hərflərlə yazılan «dəmir yumruq» əməliyyatı bunun bariz nümunəsi kimi qeyd edildi. Xüsusi vurğulandı ki, bu gün xalqımızın başı uca, alnı açıqdır. Vaxtilə itirilmiş qürurumuzun özümüzə qaytarılmasının yaşatdığı xoşbəxtlik hissi ölçüyəgəlməzdir.
Təbii ki, 29 illik həsrətdən sonra Şuşanın qonağı olan hər kəs kimi, mən də böyük sevinc hissi yaşadım. Hər daşı, qayası tarix olan Şuşamızın sanki qonaqlarının gəlişindən sevinc hissi keçirməsi təbiətin oyanışından, dağlar qoynunda yerləşən Cıdır düzünün qəlblərə hərarət bəxş edən bahar mənzərəsindən də hiss olunurdu. Həmin günlərdə Şuşa növbəti Zəfərini yaşadı, desəm şübhəsiz səhv etmərəm. Festival günlərində bəzən nağıl kimi görünən bu reallıqların canlı şahidi olmağımız, toxunduğumuz hər daşı, qayası, xarı bülbülü bizləri xəyallar dünyasından ayırırdı. Qəlbimizin dərinliklərində bu nida baş qaldırırdı: Azadlığın mübarək, Şuşa! Bu sevinci bizə yaşadan, hər birimizi qürurlandıran dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, qalib Lider İlham Əliyevə və onun «irəli, Azərbaycan əsgəri!» çağırışına böyük qəhrəmanlıqla, şücaətlə cavab verən Azərbaycan Ordusuna eşq olsun!
Əvvəldə də qeyd etdiyim kimi, 29 ildən sonra Şuşa məscidində bayram namazı qılındı. Ramazan bayramı ərəfəsində Şuşamızda yeni məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, budur, qayıdışımız! Bax, budur Zəfərimiz! Şuşa azaddır, Şuşa dirçəlir, Şuşaya yeni nəfəs verilir, bu əsrarəngiz diyar cənnətməkana çevrilir!
Şuşada Cıdır düzündə təşkil olunan «Xarıbülbül» musiqi festivalı çərçivəsində Qarabağ səmasında, Şuşada atəşfəşanlıq da Qarabağın döyünən ürəyi Şuşadan bütün dünyaya bir mesaj kimi dəyərləndirilməlidir. Şuşanın əzəmətli qala divarlarında Azərbaycanın üçrəngli bayrağı proyeksiya olunmuşdu. Festival iştirakçıları bu mənzərəni də qürurla izlədilər.
Hər sadə, mürəkkəb cümləmizin əvvəli, sonu Şuşa! Zümrüd meşələri, vüqarlı dağları, yaylaqları, min bir dərdin dərmanı olan rəngbərəng çiçəkləri ilə göz oxşayan müqəddəs Şuşa torpağına 29 ildən
sonra qədəm qoysaq da bu gün bu mədəniyyət, incəsənət beşiyimizin azad, firavan, özünün əzəli sahibinin əlində olması ən böyük xoşbəxtliyimizdir. Sanki təbiət öz əlləri ilə Cıdır düzünə rəngbərəng xalı döşəmişdi. Uzun fasilədən sonra yenidən doğma Şuşaya qayıdan “Xarıbülbül” musiqi festivalı bu rəngarəngliyə yeni çalarlar əlavə etdi. Şahidi olduğumuz təbiətinin gözəlliyi, qədim mədəniyyət beşiyimiz Şuşanın haqlı olaraq «Kiçik Paris», «Qafqazın sənət məbədi», «Azərbaycan musiqisinin beşiyi», «Şərqin Konservatoriyası» adlandırıldığını təsdiqlədi.
Bu gün bir daha böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyevin «Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur» kəlamını «Əziz Şuşa, biz səni dirçəldəcəyik!» sözləri ilə doğruldan, şəhərin əvvəlki görkəminə qaytarılacağını bildirən Prezident İlham Əliyevin göstərişləri əsasında görülən işlər milli ruha, mənəvi dəyərlərə bağlılıqdır. Bu gün artıq Şuşa azaddır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun rəşadəti nəticəsində işğaldan azad edilən bu qədim şəhər yenidən Azərbaycanın mədəniyyət paytaxtı adına qovuşdu. «Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» sözləri ilə ümummilli lider Heydər Əliyevin Şuşaya verdiyi dəyəri bərpa edən Prezident İlham Əliyevin dəmir yumruğu düşməni əbədi susdurdu.
Şuşaya hər səfərində bu qədim yurd yerinin əvvəlki şöhrətinin özünə qaytarılacağını bildirən Prezident İlham Əliyev bu vədini də əməli addımları ilə təsdiqləyir. Məhz möhtərəm Prezidentimizin qətiyyəti, sərkərdəlik məharəti sayəsində ilk olaraq düşmən tərəfindən güllələnmiş Xurşidbanu Natəvanın, dahi bəstəkar Üzeyir Hacıbəylinin, unudulmaz sənətkar Bülbülün büstləri 28 ildən sonra doğma yurduna qaytarıldı. Şuşaya Zəfər yolunun çəkilişinə başlandı. Prezident İlham Əliyev vədinə əməl etdi. Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündə ulu öndər Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu videoçarxın nümayişini ayaqüstə alqışlayan dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalda iştirak edən incəsənət xadimləri ilə görüşdülər. Cıdır düzündə bütün festival iştirakçıları ilə birlikdə “Qarabağ
Azərbaycandır!” söyləyərək bir daha bu məkandan bütün dünyaya mesajlarını çatdırdılar.
Zəfərin mübarək, Azərbaycan! Azadlığın mübarək, Şuşa! Artıq Qarabağımızda 30 ilin işğalına son qoyularaq yeni həyat başlayıb. Bundan sonra həyatımıza qatılacaq yeni əlvan çalarlar Qələbə sevincimizi daimi edəcək, bu torpaqlarda toy-büsat yaşanacaq. Novruz bayramında Cıdır düzündə bayram tonqalını yandıran dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva «Xarıbülbül» musiqi festivalının keçirilməsinə nail olmaqla bir daha Şuşaya göz dikən, onun işğaldan azad olunmasını kədərlə qarşılayan işğalçı Ermənistana və ona havadarlıq edənlərə bu mesajlarını ünvanladılar - Dəmir yumruğu unutmayın! Azərbaycan əzəli torpağı olan Qarabağa qayıtdı. Qayıdışın mübarək, Azərbaycan! Qayıdışın mübarək, Azərbaycan xalqı!
Vüqar Rəhimzadə,
«İki sahil» qəzetinin baş redaktoru, Əməkdar jurnalist
Bakı-Şuşa-Bakı
12-13 may 2021-ci il