“Azərbaycan Televiziya və Radio Verilişləri“ QSC illik maliyyə hesabatı ilə bağlı bəzi informasiya resurslarında yayılan məlumatlara aydınlıq gətirib.

TV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, şirkətin Aztv.az rəsmi internet saytının “Haqqımızda” bölməsində 2019-cu ili əhatə edən illik maliyyə hesabatları yerləşdirilib.

Məlumatda qeyd edilib ki, bu hesabatlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, 2020-ci ilin aprel ayının 30-dan gec olmamaq şərti ilə Maliyyə Nazirliyinə və Hesablama Palatasına təqdim olunub, eyni zamanda Aztv.az saytında dərc edilib.

QSC-nin 2020-ci ilin müvafiq maliyyə hesabatlarına gəldikdə isə vurğulanıb ki, məlumatların gecikdirilməsi şirkətdə 26.04.2021-ci il tarixindən etibarən dövlət yoxlamasının aparılması ilə əlaqədardır: “Azərbaycan Respublikası Hesablama Palatasının kənar dövlət maliyyə nəzarət tədbirinin keçirilməsi barədə yoxlaması başa çatdıqdan sonra məlumatlar Aztv.az saytında dərc ediləcək”.