"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində (AzTV) audit yoxlaması aparılır.
Mia.az xəbər verir ki, bu barədə Unikal.org-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verib.
O, iki həftədir aparılan audit yoxlamasının hazırda davam etdiyini, yoxlamalar başa çatandan sonra ictimaiyyətə bu barədə məlumat veriləcəyini deyib.
Xatırladaq ki, AZTV-nin sabiq əməkdaşları sosial şəbəkədə və bəzi saytlarda adıçəkilən dövlət kanalında həyata keçirilən maliyyə əməliyyatları, tenderlərlə yanaşı, sədr Rövşən Məmmədovun ailə üzvləri, yaxın qohumları və məhəllə uşaqlarını mühüm vəzifələrə təyin etməsi barədə sensasiyalı məlumatlar paylaşıblar.
Maraqlı budur ki, AzTV rəhbərliyi bu iddialara aydınlıq gətirmək əvəzinə, TV rəhbərliyi azad edilən keçmiş əməkşlarından biri haqda sosial şəbəkədəki rəsmi səhifələrində ümumi formada rüşvət ittihamı irəli sürüb. Diqqətçəkən budur ki, elə həmin ittihama şərh yazan bir çox izləyicilər "Əgər beləydisə, sədr ona niyə yüksək vəzifə vermişdi?" kimi sərrast suallar ünvanlayıblar...
Mia.az