“Bəzi insanlar üçün ənənəvi tədrisə qayıdış düzgün, bəziləri üçün isə yanlış qiymətləndirilir”.
Bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da canlı yayımda bildirib.
O deyib ki, Bakı, Sumqayıt, Abşeron, Şəki və Gəncə şəhərlərində yoluxma sayına görə tədris distant formaya keçirilmişdi, qalan bölgələrdə isə ənənəvi tədris davam edirdi: “Təhsil Nazirliyi mümkün olduğu təqdirdə əyani tədrisə qayıtmağın tərəfdarıdır”.
Nazir bildirib ki, mayın 17-dən əyani tədrisin qismən bərpa olunması qərarı müzakirələr və aparılan təhlillərdən sonra verilib.
Onun sözlərinə görə, uşaqların sosial-psixoloji inkişafı, parta arxasında oturması vacibdir:
"İnandığımız odur ki, bu anlamda valideynlər övladlarını məktəbə göndərə biləcəklər. X-XI sinif şagirdləri hələ də dərslərini distant formada davam etdirəcəklər”.
E.Əmrullayev bildirib ki, şərait imkan verən məktəblərdə tədris həftədə 5 gün olacaq: “Şagirdlərin məktəbdə olması və yaşıdları ilə ünsiyyətdə olması vacibdir. Sadəcə çıxılmaz vəziyyətdə qaldıqda distant tədrisə keçid barədə düşünürük”.