Seymur Verdizadə

***

Yaddaşımdan şikayətçi olmadığım üçün bu hadisəni indiki kimi xatırlayıram. 2017-ci ilin iyul ayı idi. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin o vaxtkı rəis müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucov yol hərəkəti qaydasını pozduğu üçün ona irad bildirən avtobus sürücüsünü döymüşdü.

Hadisəni araşdıranda məlum olmuşdu ki, Rüstəm yol qəzası törədib piyadanı öldürdüyü üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum edilib. Amma atası ona-buna minnətçi düşərək bir kisə pul verib oğlunu vaxtından əvvəl azadlığa buraxdırıb. Novruzovun hərbçi karyerasının başa çatmasıyla nəticələnən bu hadisədən sonra “Yamaqlı şalvarda gəzən general uşaqları” adlı məqalə yazmışdım. Yazmışdım ki, a kişi, nahaq xərc çəkib bu uşağı vaxtından əvvəl azadlığa buraxıdrmısan. Əgər Rüstəm ağlı başına gələnə kimi həbsxanada qalsaydı, bu gün evdə oturub qohum-qardaşın təsəlliverici sözlərini dinləməzdin.

O da yadımdadır ki, bu məqalədən sonra qohum-qardaş üstümə tökülüşdü. Sən demə, Novruzəli müəllim xeyirxah adam imiş, ona “ilişməklə” haqsızlığa yol vermişəm. Axırıncı dəfə Cəbrayılda üzünü gördüyüm adamlar belə məndən həmin məqaləni saytdan çıxarmağı xahiş etdilər. Yazdığını pozmaq adətim olmadığı üçün bu təkliflərin hamısını qulaqardına vurdum. O vaxt sözünü yerə saldığım üçün bu gün də məni görəndə dalını çevirən tanışlarım var.

Bu barədə əvvəllər də yazmışam. Varlı adamlardan biri deyirmiş ki, özünün hündür maşını ilə gedəndə yolun kənarındakı insanlar onun gözünə qarışqa boyda görünür. Bizim kimi sadə adamlar onların gözünə qarışqa boyda göründüyü üçün istədikləri vaxt əzib keçirlər.

Həmin məqaləni yazmaqda yeganə məqsədim bu cür harın adamlara bizim də Allahımız olduğunu xatırlatmaq idi. O vaxt Rüstəm Orucov qanun çərçivəsində cəzalandırılanda bir daha əmin oldum ki, bizi göydə Allah, yerdə dövlətimiz qoruyur…

Rüstəm yenə gündəmə gəlib. Bu dəfə heç kimi döyməyib, Bakının Nəsimi rayonundakı marketlərin birində cansız cipsiləri əzib yarasız hala salıb. Polis şöbəsində gənc əsgər kimi əlini-qolunu yanına sallayıb marketə dəymiş ziyanı ödədiyini deyirdi. Belə baxanda Rüstəmin canlı adamdan cansız əşyaya keçməsi onda irəliləyişin olmağından xəbər verir. Əvvəlki dövr olsaydı, bu dəfə də marketin satıcısını döyərdi…

Mənim Rüstəmlə heç bir işim yoxdur. Polis şöbəsində bülbül kimi ötməsi onun peşman olduğundan xəbər verir. General övladını bizim kimi sıravi adamların övladı ilə tərəzinin eyni gözündə “çəkən” qanun keçikçilərimizə təşəkkür edib mətləbə keçirəm. Şəxsən mənim uşağım bu qələti, yəni bu səhvi, bu xətanı etsəydi, utandığımdan başımı qaldırıb camaatın üzünə baxa bilməzdim. Günah onun atasındadır. Əgər Rüstəm uşaq olanda Novruzəli müəllim ona bahalı oyuncaqlar, yeniyetmə çağlarında qızıl qol saatı, qiyməti əl yandıran kostyumlar, gənclik illərində isə “Galandewagen”, “Porsche” deyil, iki cüt, bir tək kitab almış olsaydı, o, bu gün cansız cipsiləri əzməkdən zövq almazdı, özünə daha səviyyəli əyləncə növü tapardı.

Görünür, general olmaq yetərli deyilmiş...